Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ARDNŞ-də insan resurslarının idarə edilməsi prosesləri avtomatlaşdırılır


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentində proseslərinin avtomatlaşdırılması məqsədi ilə iş diaqramlarının təsdiqlənməsi üzrə müzakirələrə start verilib.
8 iyul tarixinədək davam edəcək müzakirələrin nəticəsində Departamentin bütün fəaliyyət istiqamətlərini əhatə edən proseslər üzrə iş diaqramları hazırlanacaq.
Bununla da ARDNŞ və onun tabeçiliyindəki bütün strukturlarda insan resurslarının idarə edilməsi prosesləri vahid siyasət əsasında həyata keçiriləcək, şəffaflıq və ədalətlilik prinsipləri təmin olunmaqla subyektiv amillərin minimuma endirilməsi mexanizmi ilə tənzimlənəcək. İş diaqramlarının hazırlanması beynəlxalq təcrübə əsasında Departamentin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Müzakirələrdən əvvəl Departament daxilində iş diaqramlarının hazırlanması ilə bağlı müxtəlif təyinatlı təlimlər keçirilib, əməkdaşlar arasında fikir mübadilələri aparılıb. Proseslərin avtomatlaşdırılması SAP proqram təminatı vasitəsi ilə dəstəklənəcəkdir. Bununla yanaşı, yaxın zamanlarda yeni sistemin tətbiqi ilə bağlı maarifləndirmə məqsədi ilə ARDNŞ-nin, regionlar da daxil olmaqla, müvafiq işçiləri treninq və seminarlara cəlb ediləcək. Qeyd etmək lazımdır ki, hal-hazırda Dövlət Neft Şirkəti üzrə yaranan vakansiyaların doldurulması 1 avqust 2011-ci il tarixinədək dayandırılıb. Vətəndaşlar ARDNŞ-ə işə qəbul prosesi və qaydaları barədə, habelə Şirkətdə ixtisas və peşələrə uyğun açılan vakansiyalar haqqında məlumatı ARDNŞ-nin korporativ veb-səhifəsinin (www.socar.az) Vakansiyalar bölməsindən və “İki Sahil” qəzetindən ala biləcəklər.




01/07/11    Çap et