Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnnovativ bacarıqları ilə seçilənlər Azərbaycanı ilk dəfə “İntel İSEF”-də təmsil edəcəklər
Azərbaycanda ilk dəfə olaraq, şagirdlər texnologiya, kompyuter mühəndisliyi, proqramlaşdırma, fizika, kimya, biologiya və s. sahələr üzrə innovativ üsullarla hazırladıqları layihələri əsasında müsabiqəyə qatılacaqlar.
“Sabahın alimləri” adlanan respublika müsabiqəsi bu il Bakıda 23-24 fevral tarixlərində keçiriləcək. Müsabiqə ABŞ-da keçirilən şagirdlərin Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İntel İSEF -İnternational Science and Engineering Fair) çərçivəsində təşkil olunur.
Azərbaycanda keçiriləcək yerli müsabiqədə qalib gələn işlər beynəlxalq “İntel İSEF” müsabiqəsində iştirak etmək imkanı əldə edəcəklər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “İntel” təhsil layihələrinin Azərbaycan üzrə koordinatoru Teymur Məmmədov məlumat verib.
Onun sözlərinə görə, müsabiqədə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər: ”Tədbirin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də “Mədəd” təşkilatıdır.
Müsabiqəyə elmi dəstək isə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən həyata keçirilir. Müsabiqənin direktoru Təhsil Nazirliyinin Elm Şöbəsinin müdiri Gültəkin Hüseynova təyin edilib”.
T.Məmmədov bildirib ki, yerli müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş şagirdlərin sayı hələlik 50 nəfərdir. “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Azərbaycanı 2012-ci ilin may ayının 13-dən 18-nə qədər ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək “İntel İSEF”-də təmsil edəcəklər.
“İntel İSEF” ildə bir dəfə ABŞ-da keçirilən təhsil sahəsində şagird elmi-tədqiqat layihələri müsabiqəsidir: ”Bu, dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan ən iri müsabiqədir.
Beynəlxalq müsabiqənin əsas təşkilatçısı və sponsoru “İntel” korporasiyasıdır. Müsabiqə şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsini təmin edir, eyni zamanda “məktəb - ali təhsil müəssisəsi - doktorantura” triadası çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsinə səbəb olur”.
Hər il sıraları genişlənən müsabiqəyə Azərbaycan bu il ilk dəfə qatılacaq: ”Bu nüfuzlu müsabiqə bütün dünya üçün olduğu kimi, Azərbaycan üçün də aktual və əhəmiyyətlidir. Belə ki, müsabiqə bir çox üstünlüklər ilə yanaşı, Azərbaycan məktəblərində tədqiqatlar aparmağa, yeni informasiya texnologiyalarından istifadə etməyə geniş imkanlar yaradır”.
31/01/12 Çap et