Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məlumatların simsiz ötürülməsi üçün mütərəqqi texnologiya (VİDEO)
"Panasonic" şirkəti "WiGig" məlumatların simsiz ötürülməsi texnologiyasının imkanlarını nümayiş etdirib. Yaponiya şirkəti məzmunun "WiGig" dəstəkli "SD kart" ilə təchiz edilən bir qurğudan digərinə necə ötürülməsini göstərib. Prototip qismində planşet çıxış edib.
"Panasonic" "WiGig" ilə təchiz edilmiş planşetdən kənar displeyə bir neçə fotoşəkil və video ötürüb. Bu halda informasiyanın ötürülmə sürəti 1 giqabit/saniyə təşkil edib. Tərtibatçıların sözlərinə görə, 1 DVD filmi təxminən 1 dəqiqəyə ötürmək mümkündür.
Bununla belə, "WiGig" texnologiyası hələ ki "Wi-Fi"-ı əvəzləyə bilmir, çünki onun əhatə dairəsi 3 metrlə məhdudlaşır. "WiGig" dəstəkli kommersiya həllərin kütləvi istehsalına 2013-cü ilin yayında başlanacağı gözlənilir.