Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın müddətdə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti avtomatlaşdırılcaq


Yaxın müddətdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyəti avtomatlaşdırılcaq. Fondun növbəti islahatları sırasına sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi, məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi, qeyri-dövlət pensiya institutlarının inkişafı da daxildir.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “İCTnews” elektron xəbər xidmətinə bildirilib ki, islahatlarla bağlı DSMF sədri Səlim Müslümov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə məlumat verib.

“Azərbaycanın sığorta-pensiya sistemi: islahat davam edir” mövzusunda təqdimatla çıxış edən sədrin sözlərinə görə, sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi sahəsində işlərə başlanılıb.

Belə ki, hazırda ABŞ TİA ilə “Pensiya islahatları layihəsi üzrə texniki yardım üçün nəzərdə tutulan qrant haqqında Saziş” və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində mühüm işlər həyata keçirilməkdədir.

“Məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi də islahatların mühüm istiqamətlərdəndir.

Bu tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələrinin) optimallaşdırılmasına, əmək miqrantlarının sosial sığortasının təkmilləşdirilməsinə, fərdi uçot sisteminin inkişafı nəticəsində inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsinə nail olunacaq: ”Digər mühüm istiqamət isə fondun fəaliyyətinin avtomatlaşdırılmasıdır. Belə ki, məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təyinatının avtomatlaşdırılması icra olunacaq.

Eyni zamanda, pensiyaların ödənişinin avtomatlaşdırılması tədbirləri davam etdiriləcək”. S.Müslümov sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi üçün görüləcək işlərdən də danışıb.

O bildirib ki, normativ hüquqi bazanın hazırlanması, sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması, fərdi yığım hesablarında toplanan vəsaitlərin pensiya təminatına yönəldilməsi tədbirləri həyata keçiriləcək.

Qeyri-dövlət pensiya institutlarının inkişafı sahəsində görüləcək işlərə gəlincə, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi davam etdirilir. Eyni zamanda, bu sahədə normativ hüquqi bazanın hazırlanması, qeyri-dövlət pensiya fondlarının fəaliyyətə başlaması istiqamətində işlər görüləcək.
 





01/02/12    Çap et