Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daha az zamanda pul göndərişlərini əldə etmək mümkün olacaq
Hazırda Azərbaycan poçtu "STEFİ" (Secured Transfer of Electronic Financial İnformation) sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Moldova ilə mübadilə həyata keçirir. "Azərpoçt" MMC-dən verilən məlumata görə, bu sistemin daha sürətli forması üzərində işlər aparılır, Ukrayna ilə qarşılıqlı test əməliyyatları həyata keçirilir. Sistem üzrə ödəniş iki-üç günə həyata keçirilir.
Burada digər sistemdən üstünlük alıcının ünvanına poçtalyon tərəfindən bildiriş-xəbərnamə göndərilməsidir. Pul mübadiləsinin bir neçə gün çəkməsinin bir səbəbi də pulun Azərbaycana daxil olması və burada milli pula çevrilməsi və alıcıya göndərilməsidir.
Bu müddəti aradan qaldırmaq üçün texniki işlər aparılır. "STEFİ" sistemi üzrə respublikamıza göndərilən pul göndərişini Azərbaycanın istənilən poçt şöbəsindən almaq olar.Yəni sistem üzrə Bakı şəhərinə göndərilən moneqramı Lerik rayonunda almaq olar.
Yeni danışıqların nəticəsi olaraq gələcəkdə göndərilən pulu həmin formada almaq mümkün olacaq.Yəni dollar dollar kimi, rubl rubl kimi alınacaq.
Qeyd edək ki, ümumilikdə təqribən 30-a yaxın dövlətin poçt müdiriyyəti "STEFİ" sisteminə qoşulub. Gələcəkdə Azərbaycanın bu ölkələrlə də təcili pul köçürmələri həyata keçirməsinə imkan yaranacaq.
Dünya Poçt İttifaqının məlumatına görə, bu sistem vasitəsilə pul göndərişlərinin mübadiləsi 48 ölkə arasında həyata keçiriləcək.
Onu da bildirək ki, ölkəmiz poçtla Baltikyanı ölkələr, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Tacikistanla beynəlxalq poçt barat sistemi vasitəsilə mübadilə həyata keçirir ki, bu da təqribən iki ay çəkir. Hazırda sürətli sistemin tətbiq edilməsi ilə bu ölkələrdə də elektron pul mübadiləsi tətbiq ediləcək.
02/02/12 Çap et