Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti əməliyyat sisteminin təhlükəsizliyini və sabitliyini artırıb
“Apple” şirkəti “Mac OS X Lion” əməliyyat sistemi üçün üçüncü yeniləməni çıxarıb. Şirkət “Mac OS X 10.7.3” versiyasını quraşdırmağı tövsiyə edir. Belə ki, bu versiya daha sabit və təhlükəsizdir. Yeniliklərdən biri katalan, xorvat, yunan, rumın, slovak, tay və Ukrayna dillərinin dəstəklənməsi olub,- “MacWorld” veb-nəşri yazıb.
Bundan əlavə, “OS X”-da daxil olmaq üçün smart-kartlardan istifadə zamanı yaranmış səhvlər, həmçinin kataloq xidmətlərinin autentifikasiyası ilə bağlı problemlər aradan qaldırılıb. “Mac OS X 10.7.3” versiyasına yeni “Safari 5.1.3” veb-səyyahı da daxil edilib.
“Apple” şirkəti “Mac OS X 10.7.3” əməliyyat sistemində xeyli sayda ikinci dərəcəli nöqsanları aradan qaldırıb.
“Mac OS X 10.7.3” versiyasını “Apple” şirkətinin rəsmi saytından, həmçinin “Software Update” proqramı vasitəsi ilə yükləmək olar.
02/02/12 Çap et