Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər Ukrayna hakimiyyət orqanlarının saytlarını "iflic" vəziyyətinə salıb


Fevral ayının 2-də edilmiş haker hücumları nəticəsində Ukraynanın mərkəzi hakimiyyət orqanlarının saytları işləmir. "Ex.Ua" fayl mübadiləsi xidmətinin bağlanmasına qarşı etirazlar  "DDoS" hücumlarla bildirilib.  Qeyd edək ki, "Ex.Ua" fayl mübadiləsi xidməti isə lisenziyasız məzmunu yaydığına görə bağlanılıb.

Üçüncü gündür ki, bu ölkənin  Daxili İşlər Nazirliyinin saytı açılmır, Ukrayna Təhlükəsizlik Xidmətinin, Ukrayna Milli Bankının saytları  isə yüklənmir. Ukrayna prezidentinin və Nazirlər Kabinetinin saytları, həmçinin Dövlət Vergi Xidmətinin saytı çox ağır yüklənir.  

Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Vladimir Polişuk Daxili İşlər Nazirliyinin rəsmi saytının işinin bərpa edilməsinin təxmini  müddətini bildirməkdə çətinlik çəkib. "Güman ki, bunun üçün yeni qoruyucu avadanlıq almaq lazım gələcək" - o qeyd edib. Vladimir Polişuk, həmçinin etiraf edib ki, Daxili İşlər Nazirliyinin özünün qanunla problemi var: Ukrayna Daxili İşlər Nazirliyinin 47% proqram təminatı lisenziyasızdır.


"Daxili İşlər Nazirliyi bu barədə "Microsoft" korporasiyasına məlumat verib. Amerika korporasiyası hal-hazırda dövlət hakimiyyəti orqanları ilə proqram təminatının qanuniləşdirilməsi haqqında danışıqlar aparır".  Vladimir Polişukun sözlərinə görə, Daxili İşlər Nazirliyi 2006-cı ildən pirat kompyuter təminatı ilə olan  kompyuterləri satın almır.

Məlumat üçün bildirək ki, "Ex.Ua" fayl mübadiləsi xidməti 2012-ci il yanvar ayının 31-i tarixində hüquq-mühafizə orqanları tərəfindən intellektual mülkiyyət hüquqlarının pozulmasına görə bağlanılıb.

Resursun işinin dayandırılmasından hiddətlənmiş istifadəçilər sosial şəbəkələr vasitəsilə hökumət saytlarına hücuma səsləyiblər. Məsələn, "Facebook" sosial şəbəkəsindəki şərhlərdə, hətta konsol vasitəsilə "DDoS" hücumda necə iştirak etmək barəsində birbaşa göstərişlər var. Həmçinin haker hücumuna ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FTB) və Ədliyyə Nazirliyinin saytlarını "qırmış", tanınmış "Anonymous" haker qrupunu qoşmaq kimi fikirlər də səslənib.


Siyasətçilər də narazı vətəndaşları dəstəkləyiblər. Ukrayna Kommunist Partiyasının Sumsk vilayət komitəsinin birinci katibi Vladimir Danilenko Baş Prokurorluğa "Ex.Ua" saytına qarşı Ukraynanın Cinayət Məcəlləsinin 176-cı maddəsinin 2-ci bəndi üzrə qaldırılmış cinayət işinin qanuniliyini yoxlamaq tələbi ilə müraciət edib.

O bildirib ki, ofisdə və veb-resursun məlumat (data) mərkəzlərində axtarışlar zamanı xeyli sayda kompyuter texnikası və şəbəkə avadanlığı, həmçinin 6000 terabaytdan çox informasiya tutumuna malik 200 server müsadirə edilib.

Daxili İşlər Nazirliyinin saytında bu iş haqqında rəsmi informasiya yerləşdirildikdən bir müddət sonra bu internet-resursun açılmasında problemlər yaranıb.






03/02/12    Çap et