Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN “ İTU Telecom World 2011” Beynəlxalq sərgi və forumuna hazırlaşır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 24-27 oktyabr tarixində İsveçrənin paytaxtı Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təşkil olunan “ İTU Telecom World 2011” Beynəlxalq sərgi və forumunda iştirakla əlaqədar Təşkilat Komitəsinin və İşçi Qrupunun yaradılması nəzərdə tutulub.
Təşkilat Komitəsinə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İşçi Qrupuna isə RİTN-in Beynəlxalq Əlaqələr və Qeyri-Dövlət qurumları ilə iş şöbəsinin sektor müdiri Cabbar Musayev rəhbərlik edəcək. Mütəmadi olaraq hər ay İşçi Qrupunun 2, Təşkilat Komitəsinin isə 1 dəfə iclası keçiriləcək.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Beynəlxalq Telekommunikasiya İttifaqı “ İTU Telecom World 2011” Beynəlxalq sərgi və forumunun gündəliyini elan edib. Gündəliyə əsasən, tədbirdə genişzolaqlı şəbəkə texnologiyasının və İKT-nin əsas problemləri, internetin gələcək vəziyyəti, innovasiya üçün strukturlar, sosial şəbəkələr və şəxsi həyat və s. bu kimi mövzular ətrafında müzakirələr aparılacaq.
Forum müzakirələrində iştirak etmək üçün dəvət edilən yüksək vəzifəli spikerlər arasında “ AT &T” korporasiyasının baş icraçı direktoru Rendall L. Stivenson , “Alcatel-Lucent” in baş icraçı direktoru Ben Verwaayen, “Fujitsu”nun prezidenti Masami Yamamoto, “Huawei” nin sədri Yafang Sun, “İntel”in baş icraçı direktoru Pol S. Otellini daxil olmaqla İT sənayesinin ən nüfuzlu şəxsləri və hökumət liderləri var.
Qeyd edək ki, oktyabrın 24-dən 27-nə kimi Cenevrədə “Palexpo” sərgi mərkəzində təşkil olunan “ İTU Telecom World 2011” Beynəlxalq sərgidə Afrika, Amerika, Asiya və Avropanın bir çox ölkələrindən təxminən beş yüz min şəxsin iştirakı gözlənilir. Sərgidə iştirakçı ölkələr Milli Pavilyonla təmsil olunacaq.




01/07/11    Çap et