Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib
AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, AMEA-nın müxbir üzvü, AMEA İTİ-nin direktoru, professor Rasim Əliquliyev bildirib ki, institutda fəaliyyət göstərən alim və mütəxəssislərin elmi məqalələrinin “Tomson Reyestr” tərəfindən müəyyənləşdirilmiş istinad indeksli beynəlxalq jurnallarda nəşr olunması və yüksək elmi nəticələrin əldə edilməsi üçün tədqiqatların “İEEE” (İnstitute of Electrical and Electronics Engineers), ACM (Association for Computing Machinery) kimi nüfuzlu beynəlxalq təşkilatların tələblərinə uyğun aparılması İTİ qarşısında duran mühüm vəzifələrdəndir.
Beynəlxalq elmi mühitə uyğunlaşmağın müasir dövrün vacib tələblərindən olduğunu bildirən professor fundamental məqalələrin hazırlanması, əldə olunan biliklərin paylanması, mövcud problemlərin dünya üzrə vəziyyətinin dərindən araşdırılması məsələlərinin vacibliyindən danışıb.
AMEA İTİ-nin şöbə müdiri Gülnarə Nəbibəyova “OLAP” texnologiyaları: konseptual əsasları, problemləri, inkişaf tendensiyaları və xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən informasiya-analitik sistemlərdə tətbiqi” adlı məruzəylə çıxış edib. “OLAP”-ın (Online Analytical Processing) meydana gəlmə zəruriyyəti, konseptual əsasları, təsnifatı, problemləri, tətbiqi və inkişaf tendensiyalarından danışıb.
Bundan əlavə, verilənlərin onlayn rejimlə analitik emalının – “OLAP” texnologiyalarının əsas komponenti olan Verilənlər anbarı haqqında ətraflı məlumat verib.
Sonra şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Vüqar Musayev “İEEE və ACM cəmiyyətlərinin imkanları haqqında” məruzəni təqdim edib. “İEEE” təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verən V.Musayevin sözlərinə görə, qurumun dünyanın 160 ölkəsindən 400 minə yaxın üzvü var.
O əlavə edib ki, 1947-ci ildən fəaliyyət göstərən və 100 ölkədən 100 minə yaxın üzvü olan ACM beynəlxalq cəmiyyəti isə, əsasən, kompyuter elmləri və informatikanın müxtəlif sahələri üzrə ixtisaslaşıb.
Hər iki təşkilatın rəqəmsal kitabxanaları, elmi cəmiyyətləri, elmi jurnalları, regional qurumları, onlayn kursları və sertifikatları haqqında geniş məlumat verən V.Musayev həmçinin AMEA İTİ-nin bu təşkilatlarla uzun müddətdir ki, əməkdaşlıq etdiyini qeyd edib.Tədbirin sonunda məruzələrlə bağlı çoxsaylı suallar cavablandırılıb, rəy və təkliflər bildirilib.
03/02/12 Çap et