Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2011-ci ildə smartfon tədarükləri fərdi kompyuter tədarüklərini üstələyib
"Digit.ru" resursunun məlumatına əsasən, 2011-ci ilin nəticəsinə əsasən, tədarük edilən smartfonların sayı ilk dəfə olaraq fərdi kompyuter tədarükünü üstələyə bilib. Bu barədə "Canalys" analitik şirkətinin tədqiqatında qeyd edilib.
Ümumilikdə, 2011-ci ilin yekununa əsasən, smartfon istehsalçıları 487,7 milyon qurğu tədarük ediblər. Bu göstərici isə 1 il əvvəl ilə müqayisədə 63 faiz çoxdur. Fərdi kompyuter (FK) bazarı isə yalnız 15 faiz artım göstərib; hesabat dövründə 414,6 milyon qurğu tədarük edilib.
Məlumat üçün bildirək ki, FK bazarı planşet kompyuterlərinin sayəsində artım göstərə bilib. Belə ki, planşet tədarükləri 2010-cu il ilə müqayisədə 274,2 faiz artıb.
93,1 milyon "iPhone" smartfonu tədarük etmiş "Apple" şirkəti 2011-ci ilin nəticəsinə əsasən, smartfon bazarının lideri olub. 91.9 milyon göstərici ilə "Samsung" şirkəti ikinci yeri tutub. "Canalys" analitik şirkəti "Samsung" tərəfindən "Google" şirkəti üçün yaradılmış "Nexus S" və "Galaxy Nexus" smartfonlarının satışını bu göstəriciyə daxil etməyib.
Bazara 77,3 milyon smartfon tədarük etmiş "Nokia" şirkəti isə üçüncü yeri tutub.
2011-ci ildə smartfonlar üçün platformalar arasında 48,8 faiz bazar payına malik "Google Android" sözsüz liderlik edib. "iPhone" smartfonunda istifadə olunan "iOS" platforması bazarın 19,1 faizinə nəzarət edir və ikinci yeri tutur Üçüncü yeri isə "Nokia" şirkətinin "Symbian" platforması tutur. Hesabat dövründə onun payı 16,4 faiz təşkil edib.
06/02/12 Çap et