Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT üzrə investisiya fondunun yaradılması ideyası ictimaiyyətdə dəstəklənir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində sahibkarlığın inkişafının sürətləndirilməsi, xarici investisiyaların təşviqi və İKT sahəsində dinamik və sürətli inkişafın təmin edilməsi, eləcə də bu sahə ilə əlaqədar gəlirlərin daha da artırılması məqsədilə bir sıra təkliflər irəli sürüb.

Təkliflərdən biri də İKT sahəsi üzrə ixtisaslaşmış İnvestisiya Fondunun yaradılmasıdır. Hazırda bu istiqamətdə əlaqədar qurumlarla müvafiq işlər aparılır. Qeyd edək ki, hazırlanan təkliflər paketi artıq Prezident Administrasiyasına təqdim edilib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məsələ ilə bağlı qəzetimizə bildirib ki, sözügedən fondu yaratmaqda məqsəd İKT sahəsində yüksək biliklərə malik olan mütəxəssisləri cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, hər layihə üçün əsaslandırılmış rəy tərtib etmək, birgə layihələri idarə etmək üçün menecment bazası yaratmaqla intellektual biznesin inkişafına təkan verməkdir: «Müasir İKT bazarının formalaşması üçün ixtisaslı mütəxəssislərin hazırlanmasında, mikroelektronika məhsullarının istehsalında, yeni elmtutumlu şirkətlərin və innovasiya yönümlü layihələrin yaradılmasında İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin rəqabətədözümlülüyünü artırmaq, bu şirkətlər üçün biznes mühitini yaxşılaşdırmaq məqsədi ilə dövlətin maliyyə resurslarından istifadə imkanı yaratmaq olar».

İltimas Məmmədov onu da əlavə edib ki, fondun əsas vəzifələrindən biri Azərbaycanın İKT sahəsində fəaliyyət göstərən şirkətlərinə xarici investisiyaların cəlb olunmasına xidmət göstərməkdir.
 
Bəs  ölkədə İKT sahəsi üzrə ixtisaslaşmış investisiya fondunun yaradılmasına zərurət varmı? Bu fond İKT sahəsində hansı nəticələr verə bilər? Onun xeyri və ziyanı nə ola bilər? Bu suallarla ölkənin iqtisadçı ekspertlərinə müraciət etdik.
 
Millət vəkili Vahid Əhmədov əvvəlcə bildirdi ki, son vaxtlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin apardığı siyasət sayəsində Azərbaycanda İKT sahəsində çox böyük işlər görülür. «Hətta peykimiz hazırlanır və sair bu kimi işlər  nəzərdə tutulur» - deyən iqtisadçı-deputat hesab edir ki, ona görə də belə bir fondun yaradılması istər ölkə iqtisadiyyatının və müasir texnologiyanın inkişafına, istərsə də yeni rabitə və informasiya texnologiyalarının ölkəyə gətirilməsinə yardımçı ola bilər: «Fondun yaradılmasında mənfi heç bir şey yoxdur. Əksinə, düşünürəm ki, müsbətdir.

2011-ci ildə ölkədə qeyri-neft sektorunun ən inkişaf etmiş sahəsi məhz rabitə və informasiya texnologiyaları sahəsidir. Yəni bu sahədə daha çox inkişaf gedib. Bu da müasir texnologiyaların, kompyuterləşdirmə və internet sistemlərinin Azərbaycana gətirilməsi və inkişaf etdirilməsi ilə birbaşa əlaqədardır. Ona görə də düşünürəm ki, belə bir fondun yaradılması da bu sahəyə diqqəti daha çox artırar».

İKT üzrə ixtisaslaşmış investisiya fondunun yaradılmasının Azərbaycanda İKT gəlirlərinin artmasına da böyük təkan verəcəyini önə çəkən V.Əhmədovun sözlərinə görə, hazırda bütün dünyada İKT ən gəlirli sahə hesab olunur: «Çünki müasir dünyanı bu texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Azərbaycan da dünyaya inteqrasiya edən bir dövlət kimi bu sahəyə daha çox diqqət yetirir. İKT sahəsi gəlirli sahə olduğundan ölkəmizdə də inkişaf etdirilməlidir».

İqtisadçı-ekspert Zahid Məmmədov da hesab edir ki, sözügedən fondun yaradılması ölkədə bu sahə üzrə misilsiz imkanlar yarada bilər: «İlk öncə onu qeyd edim ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldıqdan sonra böyük bir idarəetmə gücünə malik olan nazir Əli Abbasovun fəaliyyəti nəticəsində qısa müddətdə çox böyük inkişafa imza atılıb. Azərbaycanda  informasiya texnologiyaları sahəsində inanılmaz işlər  həyata keçirilib.

Təsəvvür edin, ölkənin təhsil, səhiyyə sistemində, məhkəmə, hüquq-mühafizə orqanlarında, ümumiyyətlə, bütün sistem artıq informasiya texnologiyalarına keçirildi və bu sahədə olduqca əhəmiyyətli nəticələr əldə olundu. Əvvəllər tələbələr İKT sahəsinə heç maraq da göstərmirdilər. 2003-cü ilə qədər heç kim bu sahə üzrə təhsil almaq fikrində deyildi. Sənədlərdə olsa da, real həyatda belə bir istəklər yox idi.

Lakin RİTN-in gərgin fəaliyyəti və şirkətlərin qurulması nəticəsində bu sahəyə çox böyük sayda gənclərin axını başladı. İndi isə gənclərin sevimli ixtisasları sırasında  informasiya texnologiyaları ilə bağlı ixtisaslar da var .

Ona görə də bu sahədə böyük novatora, böyük düşüncəyə, iş qurmaq qabiliyyətinə sahib olan gənclər formalaşıb. Artıq insan kapitalı meydana gəlib. Ona görə də düşünürəm ki, bu sahənin genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün ayrıca bir fondun yaradılmasına ehtiyac var.

Nəzərə alsaq ki, Azərbaycan 2020-ci ilədək tam olaraq informasiya cəmiyyətinə doğru gedir, ölkənin bütün istiqamətləri üzrə elektron hökumət qurulacaq, onda deyə bilərik ki, fondun yaradılması vacib və gərəklidir».

Z.Məmmədovun sözlərinə görə, bu gün İKT elə bir sahədir ki, bura qoyulan pul qısa bir müddətdə qaytarılmır. Üstəlik, yatırılan vəsaitlər də həndəsi silsilə ilə artırılmalıdır: «Nəzərə alaq ki, bu gün aldığın kompyuter sabah gücünü itirməkdədir. Ona görə də bu sahə nə qədər yüksək gəlirlidirsə, bir o qədər də risklidir.

Hesab edirəm ki, əgər biz bu sahənin genişləndirilməsini və inkişaf etdirilməsini istəyiriksə, onda təbii ki, güzəştli kreditlər, güzəştli vergi, güzəştli gömrük əldə etməliyik və şübhəsiz ki, həm də xüsusi fond yaratmalıyıq. Bu baxımdan İKT sahəsini koordinasiya edə biləcək, onları toplayacaq, inkişafını təmin edəcək bir fondun fəaliyyəti olduqca vacibdir».

Millət vəkili, iqtisadçı Əli Məsimli də bildirib ki, artıq Azərbaycanda neft hasilatının sabitləşməsi dövrü başladığı üçün qeyri-neft sahələrinin inkişafının sürətləndirilməsinə böyük ehtiyac var: «Biz post-neft dövrü üçün çox ciddi planlar qurmalıyıq.

Bu, həm qısamüddətli, həm ortamüddətli, həm də uzunmüddətli tədbirləri özündə əks etdirən proqram olmalıdır. Bəzən post-neft dövrü deyəndə bu, düzgün başa düşülmür. Adamlara elə gəlir ki, neft sabah qurtaracaq, sıfra enəcək.

Xeyr, burada söhbət ondan gedir ki, bu gün 50 milyon tondan çox neft istehsal olunur, yaxın vaxtlarda onun 70-80 milyona çatdırılması perspektivi yoxdur. İstehsal elə 50 milyonun ətrafında da davam edəcək. Bu isə Azərbaycanın iqtisadi artım templərinə əvvəlki kimi 25-30 faiz artım gətirə bilməyəcək.

Əhalisi hər il 1 faizdən çox artan (2011-ci il göstəricisi) Azərbaycan kimi ölkələrdə ən azı orta hesabla 8-10 faizlik iqtisadi artıma nail olmaq lazımdır ki, əvvəlki kimi ölkəmiz yenə də surətli artım mərhələsinə qədəm qoysun. Analiz edəndə görürsən ki, bunu 3-4 ciddi faktorun hesabına etmək mümkündür.

Onlardan biri də məhz informasiya kommunikasiya texnologiyalarından istifadə məsələsidir. Bizim yerləşdiyimiz əlverişli coğrafi məkan təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır, regionda da bu istiqamətdə möhtəşəm işlər görmək üçün kifayət qədər imkanlar var.

Şübhəsiz ki, görüləsi işlərin içərisində onun mövcud vəziyyəti təhlil olunmalı, analiz və təklif etdiyimiz vəziyyət əsaslandırılmalı, ona nail olmanın optimal yolları müəyyənləşdirilməlidir. Bundan sonra isə maliyyə, hüquq təminatı öz əksini tapmalıdır. Yəni müvafiq qanunlarda dəyişikliklər, ya da yeni qanunların qəbul edilməsi istiqamətində addımlar atılmalıdır».

Azərbaycanda 2 yeni bankın yaradılmasına ehtiyacın olduğunu söyləyən Ə.Məsimlinin sözlərinə görə, bunlardan biri Aqrar-Sənaye Bankıdırsa, ikincisi də İnnovasiyalı İnkişaf  Bankıdır: «Artıq bununla bağlı təkliflər vermişik.

Burada da informasiya kommunikasiya texnologiyalarından istifadə məsələlərinə maliyyənin gücləndirilməsi, qabaqcıl texnologiyanın ölkədə genişləndirilməsi nəzərdə tutulur. Bu kontekstdən yanaşanda bizim irəli sürdüyümüz məsələlərlə  hansısa bir fondun yaradılması məsələsi ziddiyyət təşkil etmir.

Məqsədimiz odur ki, neft istehsalı aşağı düşəndə azalmış gəlirləri  İKT-dən səmərəli istifadə etməklə ikiqat kompensasiya edə bilək. Yəni burada söhbət neft sahəsində istehsal artmadığı üçün azalan gəlirlərdən gedir.

Neft hələ də Azərbaycan iqtisadiyyatında aparıcı rol oynayır  və xeyli müddət də bu davam edəcək. Amma gözlənilən gəlirlərin azalmasını kompensasiya etmək üçün ən yaxşı üsullardan biri də məhz İKT ilə bağlı  sahələrə təmiz investisiya qoyub təmiz nəticənin əldə edilməsidir. Çünki bu sahədə Azərbaycanın şansları böyükdür». 
 
SEYMUR




07/02/12    Çap et