Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də “Təhlükəsiz İnternet Günü” ilə bağlı tədbir keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) "Təhlükəsiz İnternet Günü" ilə bağlı təbdir keçirilib.  Tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu günün ictimai təşəbbüs kimi irəli sürüldüyünü və  hazırda bütün dünyada qeyd olunduğunu bildirib.

Nazir müavini ölkəmizdə də "Təhlükəsiz İnternet Günü"nün qeyd edildiyini vurğulayaraq, gələn ildən bu günün mahiyyətinin   daha da ictimailəşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.

E.Vəlizadə internetdə məhz uşaqların hədəf seçildiyini vurğulayıb: "Bu günün qeyd olunmasının arxasında bəlkə də bu səbəbdən valideynlərin, yaşlıların narahatlığı dayanır.

Uşaqlar internetin üstünlüklərindən daha çox fəsadlarına rast gələ bilərlər. Onlar diqqət mərkəzində olduğu üçün belə bir günün keçirilməsi olduqca vacibdir. Ölkədə təhlükəsiz internetin təmin olunmasında Təhsil Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bizimlə sıx əməkdaşlıq edir".

Azərbaycanda bu sahədə aparılan işlərdən söz açan nazirliyin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, təhlükəsiz internet insanların ondan səmərəli istifadəsini özündə ehtiva edir: "Elə yaş kateqoriyaları var ki, internet üstünlüklərindən daha çox onlara təhlükə yaradır. İnternet həyatın ayrılmaz hissəsinə çevrilib.

Buna görə də müxtəlif insanların ondan səmərəli məlumat bazası kimi istifadə etməsi üçün biliklər zəruridir". Şöbə müdirinin sözlərinə görə, hazırda Qərb ölkələri internet təhdidləri ilə üz-üzədir: "Buna görə də 10 ildən artıq müddətə "Kibercinayətkarlıq haqqında" Konvensiya hazırlanıb və bu sənəddə  kibermübarizənin müxtəlif  istiqamətləri qeyd olunub.

Azərbaycan da konvensiyaya 2008-ci ildə qoşulub və 2010-cu ildən o, artıq qanunvericiliyin bir hissəsinə çevrilib". B.Məmmədov bildirib ki, yalnız uşaqlar deyil, böyüklər də internetin yaratdığı fəsadlara məruz qalırlar. Xüsusən də bu hallar e-maillərə gələn müxtəlif xarakterli spamlar vasitəsilə həyata keçirilir: "RİTN tərəfindən bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilir. Məsələn, həssas qruplar üçün internetin filtrləşdirilməsi Azərbaycanda da aparılır və filtrasiya üçün xüsusi proqram təminatı hazırlanır".  

Nazirliyin İnformasiya cəmiyyətinin inkişafı  şöbəsinin məsləhətçisi Kamal Məmmədov isə "Təhlükəsiz İnternet Günü"nün tarixi barədə məlumat verib. Belə ki, bu gün Avropa Komissiyasının təşəbbüsü ilə Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi İNSAFE tərəfindən 2004-cü ildə təsis edilib: "İNSAFE şəbəkəsi 27 Avropa birliyi üzv ölkəsində, həmçinin İslandiya, Norveç və Rusiyada olmaqla 30 təhlükəsiz internet mərkəzini birləşdirir.

Hər ilin fevral ayının ikinci həftəsinin ikinci günü "Təhlükəsiz İnternet Günü" kimi qeyd edilir. "Təhlükəsiz İnternet Günü" uşaqlar və gənclər üçün İnternetin təhlükəsiz məkana çevrilməsi üçün səylərin birləşdirilməsi məqsədilə təsis olunub".
Müxtəlif dövlət qurumlarının iştirak etdiyi tədbir daha sonra müzakirələrlə davam etdirilib.
 





07/02/12    Çap et