Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur antivirus şirkəti öz məhsullarının mənbə kodları üçün 50 min dollar ödəməyə hazırdı


"Dailycomm.ru" saytının məlumatına əsasən, hakerlər "Symantec" şirkətinin oğurlanmış proqram məhsullarının mənbə kodları üçün Amerikanın antivirus şirkətindən 50 min dollar tələb edirdilər. Kibercinayətkarlar əks təqdirdə "PCAnywhere" və "Norton Antivirus" proqram təminatının mənbə kodlarını internetdə dərc edəcəklərini bildirmişdilər. "Symantec" şirkəti bəzi şərtlər əsasında tələbi yerinə yetirməyə razılaşıb.

"Biz həmin məbləği ödəyəcəyik, lakin bizə ödənişdən sonra mənbə kodlarının açıq girişdə yerləşdirilməyəcəyi ilə bağlı zəmanət lazımdır. Birinci 3 ay ərzində biz hər ay sizə gələn həftədən başlayaraq 2500 dollar ödəyəcəyik. 3 ay keçdikdən sonra siz kodun məhv edildiyini sübut etməlisiniz və biz pulun qalan hissəsini ödəyəcəyik" - "Symantec" şirkətinin əməkdaşı bildirib.

Tərəflər uzunmüddətli yazışmadan sonra razılaşa bilməyiblər, buna görə də "Norton Antivirus Corporate Edition", "Norton İnternet Security", "Norton Utilities", "Norton GoBack" və "PCAnywhere" proqram təminatlarının mənbə kodları internetdə yerləşdirilib.





08/02/12    Çap et