Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci il üçün əsas kibertəhlükələr açıqlanıb
"Panda Security" şirkətinin "PandaLabs" antivirus laboratoriyası 2012-ci ildə daha çox diqqət çəkən ən əhəmiyyətli təhlükəsizlik problemlərini açıqlayıb.
Belə ki, şirkətin mütəxəssislərinin sözlərinə görə, əsas problemlər məxfiliyin pozulması, həmçinin fərdi məlumatların oğurlanması ilə bağlıdır. Bundan əlavə, sosial şəbəkələrdə kibercasusluq və hücumlar xüsusi təhlükə yaradacaq.2012-ci il üçün əsas kibertəhlükələr aşağıdakılardır:
Mobil telefonlar üçün ziyanverici proqram təminatı
2012-ci ildə "Android" mobil əməliyyat sisteminə hücumların davam edəcəyi gözlənilir, lakin "PandaLabs" mütəxəssislərinin fikrincə, hücumlar kütləvi xarakter daşımayacaq. Kibercinayətkarların mobil ödənişin yeni üsulları, məsələn, "NFC" texnologiyası üçün ziyanverici proqram təminatı yaratmaları ehtimal oluna biləndir.
Planşet kompyuterləri üçün ziyanverici proqramlar
Bir çox planşetlərdə smartfonlara quraşdırılan əməliyyat sistemlərindən istifadə edilməsi faktı ondan xəbər verir ki, yaxın vaxtlarda planşetlər də ziyanverici proqramların hədəfinə çevriləcəklər. Bundan əlavə, planşetlər kibercinayətkarlar üçün daha çox maraq kəsb edə bilərlər, çünki insanlar onlardan ən müxtəlif məqsədlər üçün istifadə edirlər və "tablet"lərdə telefonla müqayisədə daha əhəmiyyətli məlumatlar saxlanıla bilər.
"Mac" əməliyyat sistemi üçün ziyanverici proqram təminatı
Əlbəttə ki, "Mac" əməliyyat sisteminin bazar payının artması kibertəhlükələrin də artmasına səbəb olur. "Mac" istifadəçiləri isə artıq başa düşürlər ki, "Mac" əməliyyat sistemi kibercinayətkarların hücumundan sığortalanmayıb və antivirus proqramlarından daha tez-tez istifadə edirlər. "Mac" əməliyyat sistemi üçün ziyanverici proqram nümunələrinin sayı 2012-ci ildə artmağa davam edəcək.
Fərdi kompyuterlər üçün ziyanverici proqram təminatı
Son bir neçə il ərzində təhlükələrin sayı həndəsi irəliləmə üzrə artır və çox güman ki, bu tendensiya 2012-ci ildə də saxlanılacaq. Məlum olduğu kimi, troyanlar kiberfırıldaqçıların sevimli silahıdır: keçən il yaradılmış yeni 3-4 ziyanverici proqram nümunəsi məhz istifadəçilərin fərdi kompyuterlərindən informasiya oğurlamaq üçün nəzərdə tutulmuş troyanlar olub.
Kiçik və orta biznes müəssisələrinə hücumlar
Nə üçün kibercinayətkarlar birbaşa bank sistemlərinə deyil, onlayn-bankinq müştərilərinə hücum edirlər? Cavab sadədir. Belə ki, maliyyə müəssisələri, bir qayda olaraq, çox yaxşı müdafiə olunur; hücumun uğurlu alınması imkanı cüzidir, hücumun həyata keçirilməsinə isə xeyli vəsait sərf oluna bilər. Müştərilərin fərdi məlumatlarını oğurlamaq məqsədi ilə onlara hücum etmək və gələcəkdə özünü onlar kimi qələmə vermək isə asandır.
Bir qayda olaraq, kiçik və orta şirkətlərin təhlükəsizlik sistemləri o qədər mükəmməl qurulmur və bu, onları hakerlər üçün əlçatan edir. Həmçinin qeyd edilib ki, bir çox hadisələr zamanı kiçik şirkətlər ixtisaslaşdırılmış təhlükə qruplarına malik deyil. Bu isə onlar üçün problem yaradır.
“Windows 8” əməliyyat sistemi
Əlbəttə ki, "Microsoft" korporasiyası tərəfindən "Windows 8" əməliyyat sisteminin çıxarılması kiberfırıldaqçıların diqqətindən kənarda qalmayacaq.
Məlum olduğu kimi, əməliyyat sisteminin yeni versiyası istifadəçilərə "Windows 8" platforması ilə işləyən istənilən qurğular (fərdi kompyuter, planşet və smartfonlar) üçün praktik olaraq əlavələr yaratmaq imkanı verəcək. Beləliklə, kiberfırıldaqçılar ziyanverici əlavələri məsələn, "Android" platforması üçün yarada bilərlər. Lakin bu hal ən azı 2013-cü ildən tez baş verməyəcək.
Beləliklə, yeni texnologiyalar yarandıqca kibercinayətkarlar, həmçinin yeni hücum metodlarını inkişaf etdirirlər və bəzən isə köhnə metodları sadəcə yeni platformalara uyğunlaşdırırlar. Və sonda istifadəçilərin yanlış təhlükəsizlik hissi kibercinayətkarların ən yaxşı dostudur.
www.km.ru
09/02/12 Çap et