Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
N.Əzməmmədov: ”Elektron bilet satışına keçidin nəticəsi gözlədiyimiz kimi olmadı”
“Əhaliyə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkədaxili və beynəlxalq istiqamətlər üzrə hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin onlayn rejimində İnternet vasitəsi ilə satışını təşkil edir.
Biz bu işə ilk dəfə başlayanda düşünürdük ki, əhali artıq kassalardan istifadə etməyəcək, hər kəs biletləri evdən alacaq. Amma elektron bilet satışına keçidin nəticəsi gözlədiyimiz kimi olmadı”. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Nəqliyyat Nazirliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, bu sistemlə vətəndaş olduğu məkandan asılı olmayaraq, dəmir yolunun internet saytına daxil olaraq istədiyi qatar üzrə yer almaq və gediş haqqını plastik kartla ödəmək imkanı əldə edir. Bu da baş verə biləcək neqativ halların və sərnişinlərin vaxt itkisinin qarşısını alır: ”Elektron bilet satışı sərnişinlərin rahatlığını təmin etmək üçündür.
Amma təcrübə göstərir ki, bizim sərnişinlər bu xidmətə çox az müraciət edirlər. Bu, ya onların elektron bilet satışına inamsızlığından irəli gəlir, ya da məlumatsızlığından. Sərnişinlərin əksəriyyətinin plastik kartlarının olmaması və ondan istifadəni bacarmaması da bunun əsas səbəblərindəndir.
Bir dəfə kanalların birində canlı bağlantı vasitəsilə əhali arasında sorğu keçirdik. Məlum oldu ki, onların əksəriyyəti elektron bilet satışına etibar etmir. Hətta bizə zəng edib maraqlanırlar ki, ”Burada bilet var.
Onu ala bilərəm?” Buna baxmayaraq, N. Əzməmmədov artıq bu sistem vasitəsilə bilet alan sərnişinlərin sayında əvvəlki dövrə nisbətən artımın müşahidə olunduğunu da deyib: ”Amma hələlik bu say bizi qane etmir”.
“Azərbaycan Dəmir Yolları” tərəfindən elektron xidmətlərin təkmilləşdirilməsi ilə bağlı aparılan işlərə də toxunan QSC rəsmisi bildirib ki, 2011-ci il ərzində Yevlax, Bərdə, Köçərli, Qax, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Ələt və Qaradağ stansiyalarında bilet satışı kompyuterləşdirilib, 36 stansiyada bilet satışı avtomatlaşdırılıb və beynəlxalq internet şəbəkəsinə qoşulub: ”Bu sistemlə ölkədən xaricə bir istiqamətə, ölkədaxili istiqamətdə isə hər iki istiqamətə bilet almaq imkanları yaranıb.
Hazırda sərnişinlər Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərinə, Tümen vilayətinə, eləcə də Gürcüstana bir istiqamətə onlayn bilet sifariş edə bilərlər. Əhali arasında bu xidmətdən istifadə edənlərin sayının artırılması üçün təbliğatı da gücləndiririk”.
Qeyd edək ki, sərnişin qatarlarına gediş biletlərinin internet şəbəkəsi vasitəsi ilə onlayn rejimində satışı 21 noyabr 2011-ci il tarixdən etibarən tətbiq olunub. İnternet vasitəsi ilə gediş sənədlərinin (biletlərin) satışı qatarın yola düşməsinə 10 gün qalmış başlayır.
HƏQİQƏT
10/02/12 Çap et