Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ailələrin 97,9 faizi sosial yardımı plastik kartlarla alır
Bu gün Azərbaycanda ünvanlı sosial yardım (ÜSY) təyin olunan ailələrdən 97,9 faizi vəsaiti plastik kartlar vasitəsi ilə alır. “İCTnews” elektron xəbər xidmətinə bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qurumdan qeyd edilib ki, 2011-ci ilin sonuna olan məlumata əsasən, ölkəmizdə 541 989 nəfər ailə üzvünü əhatə edən 120 478 ailə ünvanlı sosial yardım alır. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil edir.
Ünvanlı yardım alan ailələrin 40,8 faizi (49 189 ailə) tərkibində üç və daha çox uşaq olan ailələrdir. Ötən dövr ərzində bu mexanizm da təkmilləşdirilib, onun əhatə dairəsi genişləndirilməklə, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılıb.
Eyni zamanda, ünvanlı yardımın hesablanması üçün götürülən ehtiyac meyarının məbləği ötən müddətdə 84 manata çatdırılıb ki, bu da 2006-ci ildəki 30 manatla müqayisədə 2,8 dəfə artım deməkdir. Həmçinin yardım alan ailələrin təqribən 27 faizi sosial reabilitasiya olunaraq yoxsulluq həddindən tam çıxarılıb.
Ünvanlı yardımların təyinatında ictimai nəzarətin gücləndirilməsi məqsədilə “Ünvanlı sosial yardım təyin edən komissiya haqqında Əsasnamə“yə əlavə və dəyişikliklər edilib. Belə ki, həmin komissiyanın üzvləri siyahısına təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların (qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları daxil olmaqla) nümayəndələri də daxil edilib.
Aztəminatlı insanların rifah halının yaxşılaşdırılması sahəsində aktiv tədbirlərdən biri də ailələrin öz potensial imkanlarından istifadə etməklə gəlirlərini artırmalarına şərait yaradılmasıdır. Bunun üçün birdəfəlik sosial yardım – «Özünədəstək» proqramı hazırlanıb.
Layihəyə cəlb olunan ailələr üçün ünvanlı yardımın birillik, yaxud altıaylıq ümumi məbləği müqabilində mal və materialların alınması yerli ictimaiyyətin nümayəndələrindən ibarət olmaqla yaradılmış şuranın iştirakı ilə həyata keçirilib. Proqramın cari ildən bütün ölkədə icrası planlaşdırılır. Artıq digər pilot rayon olan Bakının Nizami rayonunda da layihə icra edilir.
Bundan başqa, ötən il vətəndaşlara xidmətin keyfiyyətcə yüksəldilməsi, onlara dövlət təminatlarından daha geniş şəkildə yararlanmaq məqsədilə alternativ müraciət imkanlarının yaradılması işlərinə də başlanılıb.
Belə ki, ünvanlı yardımların təyinatında şəffaflığın artırılması, bu sahədə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə ÜSY üçün alternativ müraciət mexanizmlərinin tətbiqinə başlanılıb. İlkin olaraq pilot layihə kimi Cəlilabad və Balakən rayonlarında sınaqdan keçirilməsinə başlanılan bu sistem cari ildə digər rayon və şəhərlərdə də tətbiq olunacaq.
HƏQİQƏT
10/02/12 Çap et