Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Azərbaycanda internetin qiymətləri iki dəfə azala bilər"


"Delta Telecom" tərəfindən Azərbaycanda beynəlxalq kanallar üçün tariflərin azaldılması son nəticədə istehlak bazarında qiymətlərin azalmasına səbəb olacaq”. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə belə deyib. Onun sözlərinə görə, ilkin provayderin elan etdiyi tariflər istifadə qiymətlərinin iki dəfə azalmasına səbəb ola bilər. Bu, müəyyən müddətdən sonra hiss ediləcək.
İnternet-servis provayderlərin göstərdikləri xidmətlərə toxunan Vəlizadə qeyd edib ki, bu, istifadəçinin öz kompyuterindən tutmuş, məlumatların ötürülməsi sürətinə kimi çox komponentlərdən asılıdır.
"Bu məsələ kompleks baxılmanı tələb edir və hər bir halda konkret həll tapılmalıdır", - deyə nazir müavini bildirib. Bu gün problemlər əsasən müəyyən ərazilərdə baş verir. Bu, ATS-in istehlakçıya qədər olan məsafəsindən asılıdır. "Azərbaycanın telekommunikasiya infrastrukturu yeni informasiya texnologiyaları xidmətlərinin, o cümlədən genişzolaqlı xidmətlərin tətbiqinə tam hazırdır", - Vəlizadə vurğulayıb.
Əvvəllər Azərbaycanın ilk internet provayderi "Delta Telecom" şirkəti internet xidmətləri provayderləri üçün beynəlxalq kanalların icarə haqqı azaltdığını elan etmişdi.
İyulun 1-dən qüvvəyə minən "Delta Telecom"un beynəlxalq kanalların icarəsi üçün yeni tarifləri icarəyə götürülən buraxılış qabiliyyəti 100 Mbit/saniyədən çox olan hər əlavə alınan 1 Mbit/saniyə üçün 30 manat məbləğində (ƏDV-siz) müəyyən edilmiş dəyəri nəzərdə tutur.
Əvvəllər alınan əlavə 1 Mbit/saniyənin qiyməti 50 manat olub. 10 Gbit/s və daha yuxarı həcmdə trafiki icarə edən internet-servis provayderləri və iri korporativ istifadəçilər üçün hər 1 Mbit/saniyənin dəyəri ƏDV-siz 25 manata başa gələcək.




02/07/11    Çap et