Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron məktəb” aparıcı ölkələr səviyyəsinə uyğun Milli Təhsil Modelini formalaşdırır


"Elektron məktəb" layihəsi çərçivəsində tədris müəssisələrində tətbiq olunan texnologiyalar Azərbaycanda informasiya kommunikasiya texnologiyalarına əsaslanan Milli Təhsil Modelini formalaşdırmağa xidmət edir.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov bildirib. İdarə rəisi hesab edir ki, adıçəkilən pilot layihəsi çərçivəsində əldə edilən təcrübəyə əsaslanaraq, Azərbaycanın bütün məktəblərində "Elektron məktəb" konsepsiyasını tətbiq etmək mümkündür: "Bu isə Azərbaycanda aparıcı ölkələr səviyyəsinə uyğun Milli Təhsil Modelinin tam bərqərar olması deməkdir".

"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron məktəb" pilot layihəsinə indiyədək 39 təhsil müəssisəsi cəlb olunub. Onlardan 32-si ümumtəhsil məktəbləridir.

Hazırda layihədə Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Şamaxı, İsmayıllı, Şirvan, Quba və Ağdaş məktəbləri iştirak edir. "Elektron məktəb" layihəsinin əsas məqsədi seçilmiş təhsil müəssisələrində informasiya texnologiyalarını müasir tələblərə uyğun olaraq tətbiq edərək tədrisin effektiv səviyyədə təşkilini və təhsilin idarəolunmasını təmin etməkdir.

S.Məmmədovun sözlərinə görə, layihə çərçivəsində iştirak edən məktəblər Azərbaycan təhsil şəbəkəsinə optik kabellər vasitəsilə qoşulub, onlarda zəruri şəbəkə avadanlığı və proqram təminatı istifadə edilib. Layihədə iştirak edən məktəblərdə "elektron məktəb idarəetmə proqramı", "elektron dərslər idarəetmə proqramı" və "valideyn nəzarət səhifəsi" kimi tətbiq olunan komponentlər geniş istifadə olunmaqdadır.

Tətbiq edilən həllər nəticəsində həmin məktəblərdə elektron jurnalların, elektron cədvəllərin, elektron gündəliklərın və SMS vasitəsilə şagirdlərin davamiyyəti və dərslərdə iştirakı haqda valideynlərin məlumatlandırılması, elektron tərdis resurslarının istifadəsi mümkün olub.

Pilot məktəblər həmçinin Milli Təhsil Portalının funksionallarından da geniş istifadə edirlər: "Bununla yanaşı, pilot məktəblərdə "Bir şagird – bir kompyuter" layihəsi də tətbiq edilir. Təhsil Nazirliyinin və "İntel" korporasiyasının birgə təşəbbüsü olan "Bir şagird – bir kompyuter" layihəsi çərçivəsində məktəblilərə həm dərsdə, həm də evdə istifadə üçün netbuklar verilib. Bu, tədrisdə informasiya texnologiyalarının tətbiqini daha da effektiv edir".

S.Məmmədovun sözlərinə görə, informasiya texnologiyalarının təhsildə sistemli tətbiqi yaxşı nəticələr əldə etməyə imkan verir: "Əldə edilən nəticələr göstərir ki, informasiya texnologiyaları təhsildə mühiti tam dəyişdirir. Ölkə miqyasında buna nail olmaq üçün bir sıra mühüm addımların atılması zəruridir.

Məsələn, elektron jurnalın tətbiqi üçün hər bir sinifdə internetə qoşulmuş noutbukun və ya kompyuterin olması vacibdir. Orta təhsil sistemində elektron dərsliklərə keçidin də tədricən təmin olunması məqsədəuyğundur. Artıq bir sıra aparıcı dövlətlərdə bu keçid müşahidə olunmaqdadır. Təhsil sistemində "ağıllı" kitabların, şagirdlərin iştirakını və araşdırmaçılığını sövq edən elektron təhsil resurslarının istifadəsi genişlənməkdədir".

İdarə rəisinin fikrincə, şagirdin yaradıcılığına imkan yaradan interaktiv elektron vasitələrin yaradılması, saxlanılması və yayılması "bulud" (Cloud) texnologiyaları vasitəsilə daha səmərəli və əlçatımlı olur. Bununla da fərdiləşmiş tədris üçün zəruri şərait yaranır və fərdi təhsil alətinə, cihazına - netbook və planşet kompyuterə ehtiyac artır. Azərbaycanda da tədricən fərdi kompyuterlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında "bulud" texnologiyalarına keçidi tezləşdirəcək.

Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni "Təhsil buludu"ndan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər.

Burada "ağıllı" məzmunun yaradılması və ya yerliləşdirilməsi üçün lazım olan infrastrukturun - Data Mərkəzin, Elektron resurs üzrə mütəxəssisləsmiş yerli şirkətlər, yerli ekspertlərin və sürətli internet bağlantısının mövcudluğu həlledicidir. İdarə rəisi ümid edir ki, sadalanan texnologiyalar yaxın gələcəkdə Azərbaycanın təhsil sistemində də tətbiq ediləcək. 
 
HƏQİQƏT
 





13/02/12    Çap et