Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Seçicilər öz adlarını seçici siyahılarına elektron qaydada daxil edə bilər


İnformasiya-kommunikasiya texnologiyalarının xidmətlərindən yararlanaraq seçicilərin öz məlumatlarını daha asanlıqla yoxlaması, dəqiqləşdirməsi və şəffaflığın təminatı məqsədilə respublikanın beş milyona yaxın seçicisinin seçki məntəqələri üzrə siyahısı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə yerləşdirilib.

Bu barədə «İCTnews» elektron xəbər xidmətinə MSK-dan məlumat verilib. Məlumatda bildirilir ki, sözügedən xidmət əhaliyə 2005-ci ildən etibarən təqdim edilir. Belə ki, seçki hüququna malik hər bir vətəndaş, əlavə bir vasitə kimi MSK-nın internet səhifəsindən istifadə etməklə öz adının seçici siyahısında olub-olmadığını siyahılara birbaşa keçid, yaxud müvafiq axtarış sistemi vasitəsilə yoxlaya və özü haqqında olan məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, səs verdiyi məntəqə və dairənin sayını) dəqiqləşdirə bilər.

Habelə, seçici səs verəcəyi məntəqənin yerləşdiyi ünvanı, şəhərlərdə, həmçinin, sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat vasitələri barədə lazımi məlumatları bu səhifədən əldə edə bilər. «İnternet səhifəsindəki “Adınızı seçici siyahısında axtarın” adlı axtarış sistemi diqqəti daha tez cəlb edən yerdə yerləşdirilərək seçicilərin istifadəsinə verilib ki, bu da seçicilərə öz adlarını siyahılarda yoxlamaq üçün təqdim olunan alternativ kanaldır.

Qeyd etmək lazımdır ki, seçici siyahılarının dəqiqləşdirilməsi daimi olaraq hər il aparılan proses olduğu üçün internet səhifəsindəki bu axtarış sistemi də daimi olaraq fəaliyyət göstərir. Seçicinin adı siyahıda olmadığı, yaxud məlumatlarında dəqiqləşdirməyə ehtiyac yarandığı halda, komissiyanın elektron poçt ünvanları ilə yanaşı, seçici onlayn ərizə formasını dolduraraq da öz adının siyahıya əlavə olunması, habelə yol verilmiş məlumat xətalarının düzəldilməsi ilə bağlı müraciət edə bilər.



 
SEYMUR




13/02/12    Çap et