Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransanın “Echanges internationaux” jurnalında Azərbaycanda İKT sektorunda görülən işlərdən bəhs edilib


Fransa Milli Komitəsinin Beynəlxalq Ticarət Palatasının fransız dilində nəşr olunan "Echanges internationaux" (Beynəlxalq mübadilələr) jurnalının Azərbaycana həsr olunmuş "Azərbaycan: sürətli inkişafda olan iqtisadiyyat" adlı xüsusi buraxılışı (yanvar 2012, N 93) işıq üzü görüb.

Jurnalda Fransanın Azərbaycandakı strategiyaları və əldə etdiyi uğurlar, Azərbaycanın Avropanın enerji sahəsində mühüm tərəfdaşı olması, ölkəmizin inkişaf edən nəqliyyat infrastrukturu, Azərbaycanın neft və qaz istehsal edən ölkə kimi əhəmiyyəti, şaxələndirilmiş iqtisadiyyatı məsələlərinə toxunulub.

Həmçinin, jurnaldakı yazılarda bu il Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyini qeyd etməsi, ölkənin dinamik şəkildə modernləşməyə nail olması vurğulanıb, Azərbaycanda neft sənayesinin tarixi, Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində görülən işlər, bu sahədə təşkil olunan tədbirlər, hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyəti, Azərbaycan-Fransa Biznes Şurasının yaradılmasının əhəmiyyəti, Azərbaycan-Fransa Ticarət Palatasının hər iki ölkənin qeyri-neft sektorunda çalışan şirkətlərinin əməkdaşlığının inkişaf etdirilməsinin təşviqi, ölkəmizin qeyri-neft sektorunun yüksəliş strategiyası, bu sahədə əldə olunmuş uğurlar, Fransa ilə Azərbaycan arasında əməkdaşlıq və onun yaxşı perspektivləri geniş əhatə olunub.

Aşağıda jurnalın bu sayında yer almış Azərbaycanın və Fransanın tanınmış dövlət adamlarının, nazirlərin, Azərbaycanda fəaliyyət göstərən məşhur Fransa şirkətlərinin nümayəndələrinin fikirləri, yazılarının sərlövhələri ilə birlikdə qısa məzmunu ardıcıl şəkildə verilib.

Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun "Yeni texnologiyalar, yeni imkanlar" sərlövhəli yazısı da jurnalda əksini tapıb.

Əli Abbasov yazır: "Hər iki ölkə texniki sahədə əməkdaşlığı və ticarət dövriyyəsini artırmaq niyyətindədir". Nazir bu sahədə fransalı həmkarı ilə apardığı hərtərəfli danışıqları bir daha xatırladır, İKT sahəsində Fransa ilə Azərbaycanın əməkdaşlığının perspektivləri, Fransa şirkətlərinin Azərbaycanın iqtisadiyyatına töhfəsi barədə fikirlərini bölüşərək qeyd edir: "Bakının müasirliyi ölkəmizin yeni texnologiyalar sahəsində inkişafının əyani göstəricisidir".

Fransanın Sənaye, energetika və rəqəmsal iqtisadiyyat naziri Erik Bessonun jurnalda yer almış "Azərbaycanın ilk telekommunikasiya peykinin fəzaya buraxılması Fransanın Azərbaycanda nüfuzunun göstəricisidir" məqaləsində nazir yazır: "İndi Azərbaycan ilə texniki əməkdaşlıq enerji və İKT sahələrini əhatə edirsə, gələcəkdə bu sahələr daha da genişlənəcəkdir".

Erik Besson Fransa şirkətinin Azərbaycanın ilk süni peykinin fəzaya buraxılması üzrə tenderin qalibi olmasının əhəmiyyətini qeyd edərək bildirir: "Azərbaycan Fransanın bütün Qafqaz regionunda birinci yerdə olan tərəfdaşıdır və bizim bu regiona qoyduğumuz birbaşa investisiyalardan yararlanan bir ölkədir. Münasibətlər davamlı şəkildə inkişaf edir".

Həmçinin İKT və xidmət sahələri üzrə əlaqələrin daha da inkişaf etdirilməsi arzusunda olduğunu bildirən nazir Fransa şirkətlərinin Azərbaycanda kənd təsərrüfatı, yeyinti, istehlak və yeni texnologiyalar sahəsində əməkdaşlıq etmək istədiklərini yazaraq azərbaycanlı həmkarı ilə keçirdiyi görüşün əhəmiyyətindən danışıb.


 





14/02/12    Çap et