Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər Böyük Adron Kollayderinin enerjisini artıracaqlar


2012-ci ildə Böyük Adron Kollayderinin (LHC) enerjisi 2010-2011-ci illər ilə müqayisədə 0,5 teraelektrovolt (TeV) artırılacaq və  4 TeV təşkil edəcək. Böyük Adron Kollayderinin ştat işi martda başlanacaq və noyabr ayına kimi davam edəcək.

Payızda kollayderin işi 20 ay müddətinə dayandırılacaq və mütəxəssislər bu müddət ərzində dəstələrin ümumi enerjisinin 14 TEV-ə qədər çatdırılması üzrə tədbirlər keçirəcəklər.

"2010-cu ildə Böyük Adron Kollayderinin işinə başladıqda, biz dəstənin ən kiçik təhlükəsiz enerjisini seçdik və bu, qarşıya qoyulmuş məsələləri həll etməyə imkan verdi" - Avropa Nüvə Tədqiqatları Mərkəzindən (CERN) bildiriblər.

Onların sözlərinə görə, yeni sınaqların keçirilməsi üçün kollayderin enerjisini artırmaq vaxtı çatıb".
Məlumat üçün qeyd edək ki, Böyük Adron Kollayderində keçirilən təcrübələrdə əsas məqsədlərdən biri “Hiqqs” bozonunun mövcud olması sübutunu axtarmaqdan ibarətdir. Bundan əvvəl alimlər onun izini aşkar etdiklərini bildirmişdilər, lakin tam əminlik üçün bir sıra sınaqlar keçirmək lazım idi.

Hazırda mütəxəssislər ilin sonuna kimi suala cavab tapılacağından əmindirlər. "Biz artıq “Hiqqs” bozonunun mövcud olmasını ya biləcəyik, ya da standart model çərçivəsində onun mövcudluğunu istisna edəcəyik" – “CERN”  nümayəndəsi bildirib.



EMİL





14/02/12    Çap et