Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Belarusda enerjiqoruyucu texnologiyalar kompleksi ilə təchiz olunmuş yanacaqdoldurma stansiyasını istifadəyə verilib


"Belarusneft" İstehsalat Birliyi Belarusda ilk dəfə alternativ enerji növlərindən və enerjiqoruyucu texnologiyalardan maksimum istifadə ediləcək yeni yanacaqdoldurma stansiyasını (YDS) istifadəyə verib. Qomeldə yerləşən yeni YDS-nin təqdimat mərasimi bu gün keçirilib.

Burada elektrik enerjisi, o cümlədən, günəş batareyalarından alınır. Stansiyada 44 fotopaneldən ibarət fotoelektrik kompleksi quraşdırıl;b. Buradakı avadanlıqlar hava şəraitindən asılı olaraq 10-12 kilovat saat enerji istehsal etməyə imkan verir. Stansiyada enerjiyə tələbat isə 4-5 kilovatdır. İstehsal edilən elektrik enerjisinin artıq hissəsi şəhər şəbəkəsinə veriləcək.

Bundan əlavə, YDS-nin isidilməsi və onun isti su ilə təchiz olunması üçün "hava-su" tipli qənaətli istilik nasosundan istifadə edilir. Nasos kondisioner və ya soyuducuda tətbiq edilən prinsipin əksi olan prinsip üzrə işləyir, yəni havanın hərarəti hətta mənfi olduqda belə ətraf mühitin istiliyindən istifadə edilir, nasosun qaz şəklində soyuducu agenti istilik sistemi şəbəkəsindəki suyu qızdırır.

YDS-nin işıqlandırılması üçün "ağıllı" işıq sistemindən, yəni hərəkəti izləyən ölçmə qurğuları ilə təchiz olunmuş işıq-diod lampalarından istifadə edilir. Gecə vaxtı stansiyada avtomobil olmadıqda YDS-nin işıqlandırılması üçün növbətçi rejim tətbiq edilir, yəni lampaların yarısı yandırılır.

BELTA agentliyi xəbər verir ki, mütəxəssislərin sözlərinə görə Qomeldəki yeni YDS enerjiyə qənaət üzrə poliqon funksiyalarını yerinə yetirməlidir. Burada maksimum səmərə ilə istifadə edilən texnalogiya və avadanlıqlar gələcəkdə başqa YDS-lərdə də tətbiq ediləcəkdir.

Belarusda ən çoxşaxəli şəbəkə olan "Belarusneft" firmasının şəbəkəsində bu stansiyaların sayı 500-dən çoxdur. Ölkədə sərf edilən avtomobil yanacağının 70 faizdən çoxu bu şəbəkə vasitəsilə satılır.

1966-cı ildə yaradılmış "Belarusneft" İstehsalat Birliyi "Belneftexim" konserninə daxildir. Müəssisədə neft yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, quyuların qazılması, neftin və səmt qazının hasilatı işləri aparılır.
 
 





15/02/12    Çap et