Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Regionlarda da telefon danışıq haqlarını plastik kartla ödəmək mümkündür
"Aztelekom"İB yeni layihəyə start verib. İndi telefon danışıq haqlarını plastik kartlarla bankomatlarda ödəmək mümkündür. Əgər əvvəllər abunəçi telefon danışıq haqlarını yalnız öz rayonunda ödəyirdisə, indi bu əməliyyatı istənilən yerdə ödəyə bilər. Hazırda birliyin bu layihəsi Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərlərində , Abşeron, Şəki, Göyçay, Quba, Lənkəran şəhər və rayonlarında gerçəkləşib.
Qeyd edək ki, bu xidmətin tətbiqi məqsədilə "Aztelekom" İB, Kapital Bank, Məlumat Hesablama Mərkəzi, "Azərikart" MMC müəssisələrinin mütəxəssisləri ilə birgə müzakirələr aparılmış və razılaşma protokolu imzalanmışdır.
Kapital Bank və Beynəlxalq Bankın plastik kartlarından bəhrələnərək ŞAD haqlarını bankomatlarda ödəmək olar.
Plastik kart vasitəsi ilə ödəniş sisteminin Bakı şəhərində tətbiqi 2006-cı ilin yanvarından başlanılmış və hal-hazırda müvəffəqiyyətlə həyata keçirilir.
Bu sistemin mahiyyəti ondan ibarətdir ki, abunəçilər şəhərlərarası və beynəlxalq danışıq haqlarını ödəmək üçün, abunə şöbələrinə gəlmədən Kapital Bankın Bakı şəhərində yerləşən bankomatlarında plastik kart vasitəsi ilə ödəniş apara bilərlər.
Sistemin tətbiqinin aşağıdakı üstünlüklərini qeyd etmək istərdik:
1. Nağdsız ödənişin aparılması.
2. Vaxta qənaət edilməsi.
3. Abunəçilərin rahatlığının təminatı.
Plastik kart vasitəsi ilə ödəniş sisteminin tətbiqinin sürətləndirilməsi və geniş abunəçi kütləsinin cəlb olunması ilə bağlı "Aztelekom" İB tərəfindən bir sıra müvafiq tədbirlər görülür.
RƏVAN
15/02/12 Çap et