Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Googla.com” və “googleim.com” domen adlarına hüquq əldə edib


“Googla.com” və “googleim.com” domen adlarına olan hüquqlar “Google” şirkətinə veriləcək. ABŞ-ın Milli arbitraj forumunun (National Arbitration Forum) qərarında belə  qeyd edilib.

“Google” şirkəti 2012-ci il yanvar ayının əvvəlində “googla.com” və “googleim.com” domen adlarının qanunsuz istifadəsi ilə bağlı ABŞ-ın Milli arbitraj forumuna şikayət verib və domenlərə hüquqların şirkətə verilməsini tələb edib.

Forumun qərarına görə, bu domen adları “Google” şirkətinin ticarət nişanı ilə çox oxşardır və onlar sonra qeydiyyatdan keçiriliblər.
Sənədlərə əsasən, Çinin “Gigaton IDC” şirkəti bu domenlərə hüquq sahibidir və domenlər “Enom” şirkət-registratoru tərəfindən qeydiyyatdan keçirilib.

“Googla.com” domen adı 2000-ci ilin noyabr ayında, “googleim.com” domeni isə 2006-cı ilin aprel ayında qeydiyyatdan keçirilib. Lakin “Google” şirkəti öz ticarət nişanını 2000-ci ilin sentyabr ayında qeydiyyatdan keçirib.

Şirkətlər arasında biznes mübahisələrinə baxmaq üçün nəzərdə tutulmuş ABŞ-ın Milli arbitraj forumu 1986-cı ildə yaradılıb. 1999-cu ildə internetin tənzimlənməsi ilə məşğul olan “ICANN” korporasiyası bu təşkilatı domen mübahisələrinə baxmaq üçün seçib. Şirkətin saytında bildirilir ki, o vaxtdan etibarən 17 mindən çox  domen mübahisəsinə baxılıb.
 
EMİL





15/02/12    Çap et