Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 8 aya Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılacaq


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən (ƏMDK) "Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması" üzrə açıq tender elan edilib və tenderin qalibi Koreyanın "SK C & C" Co.LTD şirkəti olub. Bu barədə "ICTnews" Elektron xəbər xidmətinə ƏMDK-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

Onun sözlərinə görə, şirkət tərəfindən artıq müvafiq işlərin icrasına başlanılıb: "Layihə 8 ay ərzində icra olunacaq. Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması nəticəsində ölkədə
mövcud olan digər məlumat bazaları, axtarış-informasiya sistemləri, reyestrlər, o cümlədən əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestrləri ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək, reyestrlər arasında məlumat mübadiləsinin həyata keçirilməsinə imkan yaranacaq".

Həmçinin müxtəlif xidmət sahələrinin fəaliyyətində, eyni zamanda təcili tibbi yardım, fövqəladə hallar və sairə xidmətlərin fəaliyyəti zamanı  operativlik təmin ediləcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı  alınacaq. Eyni zamanda, qarışıq düşmüş ünvan problemlərinin həll edilməsi və yeni təkrarolunmaz ünvanların verilməsinə zəmin yaranacaq.

Küçələrin və prospektlərin kodlaşdırılması nəqliyyat infrastrukturu obyektlərinin adlarının dəqiqləşdirilməsi zamanı ortaya çıxan bir çox problemləri həll edəcək: "Giriş konsepsiyasının əsas tələblərindən biri olan girişlərin koordinatlarının müəyyənləşdirilməsi ünvan axtarışında GİC-in(Coğrafi İnformasiya Sistemləri) tətbiqinə şərait yaradacaq".

Belə ki, respublika prezidenti 10 fevral 2012-ci il tarixdə "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə" fərman imzalayıb. Bu fərmanla Azərbaycanda daşınmaz əmlak obyektlərinə ünvanların verilməsinə, ünvan reyestrinin tərtibi və aparılmasına yeni yanaşmalar tətbiq olunacaq.

Q.Xəlilovun sözlərinə görə, bu günədək ünvan reyestrinin tərtibi və aparılması üzrə qanunvericilik bina ünvanı konsepsiyasına əsaslanırdı.

Bu konsepsiya hər binaya yalnız bir ünvanın verilməsini nəzərdə tuturdu. Hər bina yalnız bir yola aid edilir və yalnız bir yolla bağlı olurdu. Ünvan verilə bilən obyektlər yaxınlıqda yerləşən ən əhəmiyyətli yola aid edilirdi. Binaya ünvanın verilməsi bina girişlərinin digər yollara aid olduğu hallarda da tətbiq olunurdu. Bina konsepsiyası məlumatların təfərrüatlı və dəqiq olmaması səbəbindən beynəlxalq standartlara cavab vermirdi. Binalara mövcud qaydalarla ünvanvermə axtarış üçün əlverişli deyildi.

Belə ki, bu halda düzgün giriş yerinə çatmaq üçün ünvanın ərazisi barədə xüsusi biliklərə malik olmaq tələb edilirdi. Ölkə üzrə binalarla bağlı mövcud ünvanın keyfiyyətinin yetərli olmaması da bəzi problemlər yaradırdı.

Ölkədə mövcud prospekt, küçə və s. adlarının düzgün yazılış formasını müəyyən edən məlumat bazasının olmaması, yaşayış  məntəqələrinin rəsmi adlarının (rayon, qəsəbə, kənd və s.) qeyri-dəqiq yazılması və qeyri-rəsmi yazılışlardan istifadə halları, nəqliyyat infrastrukturu obyektlərinin (küçə, prospekt və s.) başlanğıc və sonu haqqında tam məlumatların olmaması ünvanların axtarışında problemlər yaradırdı: "Azərbaycanda ünvan məsələsinin mövcud vəziyyətinin təhlili, habelə beynəlxalq təcrübənin öyrənilməsi zamanı müəyyən olundu ki, ölkə üzrə ünvanvermə prosesi yeni yanaşmaya əsaslanmalıdır.

Prezidentin 10 fevral 2012-ci il tarixli fərmanı ölkədə giriş ünvanı konsepsiyasını nəzərdə tutur. Burada ünvan verilə bilən obyekt kimi binanın özü deyil, binaya daxil olmaq üçün istifadə edilən girişlər və ya qapılar qəbul edilirlər. Giriş yerlərinin ünvanları daxilolma ünvanları kimi tanınır.

Binaların vacib girişlərinə fərdi ünvanlar verilir. Girişə ünvan nömrəsi verilir. Giriş, giriş yerinə daxil olmaq üçün istifadə edilən küçə ilə bağlı olur və ona aid edilir". Giriş ünvanı konsepsiyası Avropa standartlarına və qabaqcıl dünya təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir: "Eyni zamanda, sözügedən fərmanla nəzərdə tutulmuş dəyişikliyə görə, ünvan reyestrinin aparılması məqsədləri üçün nəqliyyat infrastrukturu obyektləri müəyyən edilmiş qaydada kodlaşdırılır və müvafiq göstəricilər məlumat bazasına daxil edilir".
        
HƏQİQƏT
 





15/02/12    Çap et