Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” nağd pulları xərcləməyi bacarır
“Apple”-ın Direktorlar Şurası şirkətin nağd və qiymətli kağızlar şəklində malik olduğu 98 milyard dollar vəsaitin investisiya edilməsi strategiyası ilə bağlı müzakirələri fəallaşdırıb və istənilən halda bu məsələni sərmayəçilərin xeyrinə həll etmək niyyətindədir. Bu barədə “Goldman Sachs” bankında keçirilən texnoloji konfransda ABŞ korporasiyasının baş direktoru Tim Kuk bildirib.
ABŞ sərmayəçiləri “Apple”-ın dünyanın əksər ölkələrinin dövlət büdcəsini ötən və şirkəti dünya iqtisadiyyatının nəhəngləri sırasına yüksəldən nağd vəsaitlərini necə sərf etməsi ilə bağlı narahatlıqlarını dəfələrlə bildiriblər. Yanvarda keçirilən mütəmadi maliyyə hesabatı zamanı “Apple” 98 milyard dollar nağd vəsaitə malik olduğunu bəyan edib.
Sərmayəçilər qarşısında çıxış edən T.Kuk onları şirkətin strateji qərarları ilə bağlı təmkinli olmağa çağırıb. “Biz bu vəsaitləri qorumağı qarşımıza məqsəd qoymuruq. Mən sizdən yalnız bir qədər təmkinli olmanızı xahiş edirəm, belə ki, biz bu məsələni ətraflı düşünərək onu səhmdarların xeyrinə həll etmək istəyirik.
Biz artıq istehsal və tədarükün idarə olunması sisteminə, digər şirkətlərin alınmasına, biznes infrastrukturuna, eləcə də yeni data-mərkəzlərə külli miqdarda vəsait yatırırıq”, - deyə o qeyd edib.
“Apple”-ın biznes perspektivlərini şərh edən T.Kuk bildirib ki, smartfonlar sektoru hazırda “başgicəlləndirici” imkanlar təqdim edir. Planşet kompyuterlər seqmentinin inkişafı da proqnoz ediləndən daha sürətlə gedir,- deyə T.Kuk vurğulayıb.
15/02/12 Çap et