Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əmlak məsələlərində elektron xidmətlərdən istifadə ilə bağlı təkliflər hazırlanır
Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən kollegiya iclasında “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Komitə sədri Kərəm Həsənov modern və çevik idarəetmənin, fəaliyyət prosesində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə Prezidentin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi sahəsində verdiyi tapşırıqların rəhbərlik etdiyi qurumda da icrasının operativ şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
İclasda komitənin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin təşkili ilə bağlı artıq müvafiq hazırlıq işlərinin həyata keçirildiyi bildirilib. Bu məqsədlə komitədə müvafiq komissiya da yaradılıb. Bundan başqa, komitənin əsasnaməsi ilə müəyyənləşdirilmiş vəzifə və funksiyaların icrası zamanı müvafiq istiqamətlər üzrə elektron xidmətlərin tətbiqi məsələsinin təhlil edildiyi vurğulanıb.
Elektron xidmətlərdən istifadənin təmin edilməsi ilə bağlı müasir informasiya texnologiyalarının tətbiqi, tələblərin formalaşdırılması, proqram təminatının hazırlanması ilə bağlı təkliflər hazırlandığı qeyd edilib.
Qeyd edilib ki, vətəndaşların müraciətlərinə baxılmasının sürətləndirilməsi, operativ sənəd mübadiləsinin təşkili, sənədlərlə işin keyfiyyətinin, sürətinin və icra fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə müasir informasiya kommunikasiya texnologiyaları tətbiq olunmaqla Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi (ASDİS) qurulub və artıq 2011-ci ilin yanvarından istifadəyə verilib.
02/07/11 Çap et