Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər 10 il ərzində “Nortel” şirkətinin məxfi məlumatlarına nəzarət ediblər
Naməlum hakerlər 10 il ərzində “Nortel Networks” telekommunikasiya şirkətinin serverlərinə qanunsuz giriş həyata keçiriblər,- şirkətin keçmiş əməkdaşının sözlərinə istinadən “The Wall Street Journal” qəzeti xəbər verib.
Nəşr yazıb ki, şirkət top-menecerlərinin ələ keçirilmiş hesab şifrələrindən istifadə edən kibercinayətkarlar kompyuter sistemlərinə giriş həyata keçirmiş və məxfi informasiyaları oğurlayıblar. Məxfi informasiyalar arasında “Nortel Networks” əməkdaşlarının poçt yazışmaları, marketinq planları, daxili tədqiqat və hazırlamalar haqqında hesabatlar, həmçinin müxtəlif texniki sənədlər var.
“Nortel Networks” şirkətində 19 il çalışmış və bu hadisənin araşdırılması prosesində iştirak etmiş Brayan Şildz “WSJ” nəşrinə bildirib ki, hakerlər 2000-ci ildən başlayaraq müntəzəm olaraq şirkətin şəbəkə sistemlərinə giriş həyata keçiriblər.
“Nortel Networks” şirkətinin keçmiş əməkdaşı həmçinin bildirib ki, hücumlar 2009-cu ilin sonuna qədər davam edib və Şanxayda yerləşən serverdən həyata keçirilib.
Bu isə o deməkdir ki, hücumun arxasında Çin hakerləri dururlar. Lakin “Sophos” antivirus şirkətinin mütəxəssislərinin iddialarına görə, server kibercinayətkarın milliyyəti haqqında yalnız dolayısı ilə məlumat verə bilər, çünki Çin “IP” ünvan izləri (log) itirmək üçün hakerlər tərəfindən xüsusi olaraq istifadə edilə bilərdi.
Kanadanın “Nortel Networks” şirkəti vaxtilə dünyada ən iri telekommunikasiya avadanlığı istehsalçılarından biri olub. 2009-cu ilin yanvar ayında şirkət müflis olması haqqında bildirdi. Şirkət kreditorlarla hesablaşmaq üçün, 2011-ci ilin yayında təxminən 6000 patentini 4,5 milyard dollar dəyərinə “Apple”, “Microsoft”, “RIM”, “Sony”, “EMC” və “Ericsson”-un daxil olduğu şirkətlər konsorsiumuna satıb.
EMİL
16/02/12 Çap et