Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şəmkirin iki kəndində ATS tikilir
Şəmkirdə əhalinin telefon və multimedia xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni layihələr həyata keçirilir. Şəmkir Telekommunikasiya Qovşağının rəisi Cavanşir Yusifovun bildirdiyinə görə, rayonun əvvəllər telefonlaşdırılmamış Mahmudlu kəndində 256, Yeni Həyat kəndində isə 512 nömrə tutumlu elektron ATS-lər tikilərək istifadəyə verilməsi gözlənilir.
Kənd ATS-ləri mərkəzlə birləşdirici xətləri optik kabellərlə çəkiləcək ki, bu da kənd sakinlərinin yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi deməkdir. Bundan başqa rayonda daha 14 kənd ATS-nin birləşdirici xətti optik kabellə təmin olunub. Rayonda telefon abunəçilərinin sayı 20 minə çatıb. Kənd ATS binaları estetik vəziyyətdə olmaqla tələblərə cavab verir.
Rayonda internetə tələbat çox böyükdür. Hal-hazırda genişzolaqlı internet xidmətlərinə böyük tələbat var. Rayon üzrə 100-ə yaxın internet-klub mövcuddur ki, burada gənclər öz asudə vaxtlarından səmərəli istifadə edə bilirlər.
C.Yusifov daha sonra bildirdi ki,əhalinin telefona olan tələbatının ödənilməsi, onları narahat edən problemlərin daha operativ şəkildə həlli üçün Şəmkir TKQ böyük kənd stansiyalarında abunə şöbələri yaradıblar. Bu layihənin həyata keçirilməsi ilə vətəndaşların hər hansı bir məsələ ilə əlaqədar olaraq rayon mərkəzinə gəlməsinə ehtiyac qalmayıb.
Bu barədə danışan C.Yusifov rabitəni əhaliyə bir qədər də yaxın etmək üçün bu addımı ən optimal variant hesab etdiklərini bildirdi.İllər öncə tamamilə geri qalan Şəmkir TKQ hazırda “Aztelekom”İB-nin ilk 10 qovşağı sırasındadır.
RƏVAN
16/02/12 Çap et