Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sahibkarlar üçün "www.biznesinfo.az" internet portalı yaradılıb


İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, sahibkarların məlumatlandırılması, onlara potensial tərəfdaşların tapılmasında və fəaliyyətlərini genişləndirməkdə köməklik göstərilməsi məqsədilə "www.biznesinfo.az" internet portalı yaradılıb.

Saytın işinin əlaqələndirilməsi üçün sözügedən qurumlarla yanaşı, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və digər təşkilatların nümayəndələrindən ibarət Himayəçilər Şurasının yaradılması qərara alınıb.

Portalda Azərbaycanın biznes və investisiya mühitinə dair məlumatlar, biznes xəbərləri, sahibkarların məlumatlandırılması üçün müxtəlif alətlər, yüklənə bilən formalar, biznes terminləri lüğəti və s. yerləşdirilib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Qurumdan qeyd edilib ki, saytda qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə dair məsləhətlər də verilir. Fevralın 16-da isə adıçəkilən qurumların nümayəndələrinin iştirakı ilə "www.biznesinfo.az" internet portalının təqdimatı keçirilib. Tədbirdə çıxış edən iqtisadi inkişaf  nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatı, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib: "Sahibkarlığın inkişafı, özəl sektora dövlət dəstəyinin artırılması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə müasir standartlara cavab verən müəssisələr, yeni iş yerləri yaradılıb, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb. 2011-ci il də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub.

Ötən il qeyri-neft sektoru 9,4 fazi artıb, ÜDM-nin artımı bütövlükdə qeyri-neft sektoru hesabına təmin edilib. İqtisadi inkişafın hazırkı mərhələsinin tələblərinə uyğun olaraq, sahibkarların hüquqlarının müdafiə mexanizmləri, bu sahədə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir.

Sahibkarlıq fəaliyyəti sahəsində tətbiq olunan inzibati prosedurların səmərəliliyi artırılır, müasir texnologiyalara əsaslanan elektron xidmətlərin tətbiqi genişləndirilir". Niyazi Səfərov yaradılmış yeni portalın sahibkarların məlumatlandırılmasında əhəmiyyətli olacağını da qeyd edib. 

Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda layihə meneceri İrina Niederberger isə kiçik və orta müəssisələrin saytın təklif etdiyi alətlərdən və məlumatlardan daha geniş istifadə edəcəyini deyib: "Sahibkarlar portalın xidmətlərindən yararlanmaqla qərarların qəbulu prosesini təkmilləşdirəcək və biznes imkanlarını genişləndirəcəklər".
 
HƏQİQƏT






16/02/12    Çap et