Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropadan Asiyaya ən qısa informasiya yolu


Ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində böyük regional layihələr həyata keçirilir. Bu layihələrdən biri də Azərbaycanın “Delta Telekom” şirkətinin iştirak etdiyi ən böyük regional layihə olan Avropa - Yaxın Şərq informasiya magistralı (EPEG - Persia Express Gateway) layihəsidir.

"Delta Telekom" şirkətinin texniki direktoru Rahid Ələkbərli bildirdi ki, layihənin reallaşması Almaniyadan Omana qədər olan ölkələrin İKT sahəsində daha müasir bir şəbəkə ilə birləşməsinə şərait yaranacaq. Belə ki, Frankfurt şəhərindən başlayaraq Polşa-Ukrayna-Rusiya-Azərbaycan-İran və Oman ərazisindən keçməklə çox böyük tutumlu, keyfiyyətli rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin ediləcəkdir.

Bu marşrut Avropadan Asiyaya olan dənizaltı kabellərə alternativ olaraq ən qısa yoldur. Təqdirəlayiq haldır ki, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilib.


Xatırladaq ki, ötən il “EPEG” konsorsiumunun növbəti toplantısı Bakıda keçirilib. İclasda İngiltərənin "Keyb ənd Vayeles", Rusiyanın "Rostelekom", İranın "Telekommunikasiya İnfrastruktur Kompaniyası" və Omanın "Omantel" qlobal miqyaslı şirkətlərinin nümayəndələri Azərbaycanın əsas aparıcı şirkəti “Delta Telekom” ilə birgə konsorsiumda "Europe Persia Express Gateway" (EPEG) kabel magistralı layihəsinin, Tehran  və Moskva görüşlərindən sonra Bakıda üçüncü görüşü baş tutub.

Toplantıda Azərbaycanın İKT sahəsində əsas statistik göstərici həyata keçirilən layihələr sadalanmaqla sözügedən layihənin perspektivləri müzakirrə edilib. Qeyd edək ki, Azərbaycan tərəfdən layihədə iştirak edən "Delta Telekom" şirkətinin potensialı böyükdür.

Şirkətin bu sahədə bir sıra layihələri müvəffəqiyyətlə yerinə yetirməsini əsas tutaraq bu layihənin öhdəsindən gələcəyinə inam böyükdür. Azərbaycanın qlobal reytinq göstəricilərində şəbəkə texnologiyalarına görə öndə getməsində "Delta Telekom"un xüsusi yeri olduğunu qeyd etmək olar.


Qeyd edək ki, ölkənin rabitə sahəsində tranzit ölkəyə çevrilməsi üçün "Delta Telekom" bır sıra layihələr həyata keçirmişdir. Regionun ən iri internet magistralını qurub və fəaliyyətini yüksək səviyyədə təşkili sayəsində Azərbaycanı regionun tranzit kommunikasiya mərkəzinə çevirən “Delta Telekom” bir çox ölkələrə xidmət edir. Beynəlxalq Magistral şəbəkəsinin yüksək dayanıqlı və keyfiyyətli xidmətlərindən bütün Azərbaycan operatorları və İnternet Servis provayderlərilə yanaşı, Gürcüstan, İran, Özbəkistan, Türkmənistan və İraq kimi ölkələrin İSP və operatorlarına da tranzit rabitə xidmətləri göstərir.
 
İnformasiya resursunun “onurğa sütunu”
 
Rahid Ələkbərli qeyd edib ki, “Delta Telekom” bu gün Azərbaycanda informasiya resurslarının əsas ötürücü hissəsini qurmuşdur. Bu istiqamətdə həyata keçirilən layihələr, bilavasitə beynəlxalq resursların daşınmasına sərf olunmuşdur. Azərbaycanda beynəlxalq resursların inkişafı hal-hazırda son istifadəçilərin istifadə etdiyi internet resursların inkişafından beş dəfə irəlidədir.

Bu da çox yaxşı göstəricidir ki, Azərbaycanda bu gün beynəlxalq resursların həcmi saniyədə 80 Qbitdən yüksək səviyyəyə çatmışdır. Amma istifadəçilərin bu beynəlxalq magistraldan yüklədiyi informasiyanın həcmi yarıdan azdır.


“Delta Telekom”un növbəti ən geniş layihələrindən biri də yenicə istifadəyə buraxılmış Data Mərkəzidir. Bu mərkəz başlanğıcda hostinq, “Data Backup” kimi xidmətləri göstərirdisə, yeni texnologiyaların tətbiqi sayəsində artıq mərkəzdə Qlobal İnternet Kontentinin Azərbaycan seqmentini özündə toplamağa qadirdir.

CDN texnologiyalarının tətbiqi internetin inkişafına, keyfiyyət göstəricilərinin artmasına ciddi təsirini göstərmişdir. Qlobal internetin əsas videokontent ixracatçısı olan “Google” region üçün əsas serverlərini “Delta Telekom”un Data Mərkəzində yerləşdirir. Tətbiq edilmiş ən yeni texnologiyalar bu Data Mərkəzin region üçün strateji bir internet seqmentinə çevrilməsinə gətirib çıxarır. Ölkəmizdə belə bir strateji regional  internet seqmentin olması gələcəkdə İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafına perspektiv dəstəyini verəcəkdir.

 
Gələcək inkişaf doğru
 
Data Mərkəzi gələcək layihələrə hazırlanır. Geniş sahəni əhatə edən Data Mərkəzi infrastrukturu ən keyfiyyətli soyutma və enerji təchizatı sistemlərilə, təhlükəsizlik sistemlərilə təchiz edilmişdir. Başlanğıcda milyonlarla DVD diskləri qədər yaddaşa malik olan infrastruktur regional kontent resurslarının yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur.

Platformanın imkanları “Google”, “Microsoft”, “Yahoo” kimi nəhəng kontent resurslarının güzgü əksini saxlamaqla yanaşı, milli internet seqmentində təhsil, tibb, “e-hökümət”, elm, istehsalat və digər sahələrin də inkişafına - internetləşdirilməsinə imkan verəcəkdir.


Mobil rabitə operatorları, internet provayderlər, banklar və çoxsaylı kommersiya təşkilatlarına göstərilən “local 2G/3G Backhauling” xidmətlərinin böyük əksəriyyəti “Delta Telekom”un optik rabitə infrastrukturu üzərindən təmin olunur.

“Delta Telekom”un “Carrier Ethernet” və “Metro Ethernet” şəbəkə infrastrukturu korporativ şəbəkələri, verilənlərin ötürülməsi və professional İP/MPLS xidmətlərini özündə cəmləşdirir. Bu şəbəkə yerli İSP-lərə göstərilən İP “Backbone” xidmətləri üçün əlverişli transmissiya vasitəsidir. Bu şəbəkənin potensialı olduqca genişdir və otuz mindən çox Ethernet portları ilə tam keyfiyyətli xidmət göstərməkdədir.

“Delta Telekom” heç bir yerüstü rabitə infrastrukturu olmayan bölgələrdə belə İKT-nin inkişafı üçün layihələr həyata keçirib. Hazırda respublikanın ucqar məntəqələri də müasir rabitə və İKT xidmətləri ilə təmin olunub. “Delta Telekom” və “Aztelekom” İB birlikdə həyata keçirdiyi layihədə Peyk rabitə texnologiyaları sayəsində ölkəmizdə telefonlaşdırma ən ucqar kəndlərə qədər çatdırılıb.
 
Tarif siyasəti
 
İnternet magistralda aparılan qiymət siyasəti yüksək sürətli internet istifadəçilərinin sayına müsbət təsirini göstərir. Bu sferada öz liderliyini qorumaq üçün “Delta Telekom” davamlı layihələrini həyata keçirməkdədir. Qiymət siyasəti hər bir məhsulun keyfiyyətinə, tətbiq sahələrinin genişlənməsinə bilavasitə təsir edən amildir.

Beynəlxalq internet kanallarının ölkəmizə daşınmasında həmçinin bir neçə ölkələrdən tranzit xərclərlə keçirilərək ölkəmizə gətirilməsi sayəsində qiymətlərdə əlavə paylar yaranır. Bu da ümumi qiymətin yüksəlməsinə səbəb olur. Təbii ki, bu coğrafiya çərçivəsində alternativ çıxışlar sayəsində qiymətlərin endirilməsinə təsir edilir. Digər tərəfdən ölkəmiz inkişaf etdikcə, alınan tutumların həcmi də artır və daha artıq tutumları gətirməklə qiymətlərin azaldılmasına nail olunur.


Beynəlxalq magistralda qiymətlərin iki dəfə endirilməsi Azərbaycanda internet qiymətlərinin Avropa səviyyəsinə bir addım daha yaxınlaşdırdı. İSP-lərə 25 manata təklif edilən 10Qbit/saniyəlik tutumlar yeni internetə çıxış texnologiyalarının tətbiqinə imkan yaratdı. FTTx - fiber optik xətlərlə internetə çıxış texnologiyalarının tətbiqinə başlanıldı, saniyədə onlarla Meqabit internet evlərə ofislərə verilməyə başlandı.

Qurulmuş düzgün qiymət siyasəti istifadəçilərə daha çox tutumlar almağa şərait yaradır. Onu da qeyd etmək yerinə düşərdi ki, bu gün bizim internet magistralımız nəinki Azərbaycanı, hətta qonşu ölkələri də internet magistral xidmətləri ilə təmin edir.

“Delta Telekom” internet magistralı regionun ən etibarlı və keyfiyyətli, həmçinin müasir magistralına çevrilmişdir. Magistral Qlobal Tier-1 Provayderlərilə yüksək sürətli birbaşa kanallarla birləşdirilmişdir. Respublikamızın bütün bölgələrini əhatə edən internet magistralı yaradılmışdır.


İnternet magistral Rusiya, Gürcüstan, Türkiyə, İran bağlantıları ilə məhdudlaşmır, dünyanın ən böyük “Tier-1” operatorları - “Level-3”, “TaTa Communications”, “TeliaSonera”, “TiNET”, “Global Crossing”, “Cable&Wireless” ilə də böyük tutumlu bağlantılarla qoşulmuşdur. Qonşu ölkələrlə birbaşa peering bağlantıları edilmiş, Rusiya, Gürcüstan, İran və Türkiyə ilə beynəlxalq tutumların daşınması məqsədilə arabağlantılar genişləndirilib.
 
 





17/02/12    Çap et