Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil qurğular üçün ziyanverici proqramların sayı 1 il ərzində 2,6 dəfə artıb


“Juniper Networks” şirkətinin yeni tədqiqatına əsasən, hakerlər kompyuter və veb-saytlar ilə getdikcə daha az maraqlanırlar. Hazırda kibercinayətkarlar mobil qurğulara (smartfon və planşet) daha çox maraq göstərirlər.

“Juniper” şirkətinin mütəxəssisləri “2011 Mobile Threats Report” hesabatında qeyd ediblər ki, son il ərzində bütün əməliyyat sistemləri ilə işləyən mobil qurğular üçün ziyanverici proqramların sayı 2,6 dəfə artıb.

Əgər 2010-cu ildə mütəxəssislər 11 min virus aşkar etmişdilərsə, o zaman  2011-ci ilin nəticəsinə görə onların sayı 28,5 minə qədər artıb. Məlumat üçün bildirim ki, virusların 46 faizdən çoxu “Google Android” mobil platforması üçün nəzərdə tutulub.

Mobil qurğulara hücum edən ziyanverici kodun çox hissəsini casus proqramları (63%) və “SMS” troyanlar (36%) təşkil edib. Məlum olduğu kimi, casus proqramları vasitəsi ilə kibercinayətkarlar qurğunun olduğu yeri izləyə, maliyyə məlumatları və digər əhəmiyyətli informasiya toplaya bilərlər.

“SMS” troyanlara gəlincə, onlar pullu nömrələrə mesaj göndərir və buna görə də istifadəçinin hesabından iri məbləğ silinir.

“Juniper“ şirkəti “Apple iOS” haqqında bildirib ki, “Apple” şirkətinin mobil platforması “iTunes App store” əlavələr mağazasına ciddi nəzarət və qapalılıq sayəsində hələ ki təhlükəsizlik sahəsində nüfuzunu qoruya bilir.
 
EMİL





17/02/12    Çap et