Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmli televiziya dekoderlərinə tələbat artır


"DVB-T" dekoderlərinə tələbat gündən-günə artır. "KÜR" Elektron Avadanlıqları İstehsalı müəssisəsinin direktoru Rizvan Osmanov "İCTnews" elektron xəbər xidmətinə bildirib ki, "DVB-T" yayımda görüntü və səs keyfiyyəti analoq yayıma görə olduqca yüksəkdir: "Hazırda istifadə olunan antenalar analoq yayımı təmin edir.

Antenalar vasitəsilə alınan analoq siqnallar gücləndirildikdən sonra televizorlar tərəfindən alınan güclü siqnallar görüntü və səsə çevrilir. Analoq yayımın mənfi cəhəti bir tezlikdə ancaq bir televiziya kanalının yayımının olmasıdır. Analoq yayımda görüntü keyfiyyəti aşağı və siqnallar zəif olduğu üçün yayımların hər an itmə ehtimalları da var.

Bundan başqa, analoq yayımda kanal qarışmaları da qaçılmazdır. "DVB-T" sayəsində bir tezlik üzərindən müxtəlif kanalın yayımlanması mümkündür". MMC rəhbərinin sözlərinə görə, televiziya kanallarının bir-birinə qarışması və kölgələnməsi "DVB-T" sayəsində sona çatıb.

Belə ki, "DVB-T" özü ilə bir çox interaktiv xidmətlərdən istifadə etmək imkanını gətirib: "Bir çox Avropa ölkələrində istifadə olunan bu yayım üsulu Avstraliyada rəqəmsal televiziya və radio yayımlarında standart olaraq istifadə edilir.

"DVB-T" üçün istifadə olunan tezliklər analoq yayımdan bildiyimiz UHF və VHF kanallarıdır. Rəqəmsal yayım sayəsində bu kanalların istifadəsi analoq yayıma görə daha yaxşıdır. Bunun sayəsində tək tezlikdə bir çox televiziya kanalını toplamaq mümkündür.

R.Osmanov deyir ki, "COFDM" kipləmənin köməyi ilə lent genişliyi minlərlə tək daşıyıcıya bölüşdürülür: "Hər bir tək daşıyıcı müəyyən olunan QPSK, 16-QAM və ya 64-QAM kipləmə üsulu ilə kodlanır.

Parametrlərə görə hər bir kanal başına verilənlərin nisbəti təxmini olaraq 12 ilə 20 Mbit/s-dir. Bir tezliyin verilənlər nisbəti ən çox dörd proqrama bölünə bilir. Bölünən hər bir proqram ortalama 3 - 5 Mbit/s bit nisbətindədir. Analoq PAL televiziya siqnalında görüntü keyfiyyəti rəqəmsal yayında təxminən 3 - 5 Mbit/s , "DVB-T"-lərdə isə ən az 38.3 Mbit/s –dir".

Ümumiyyətlə, "DVB-T" bir çox üstünlüklərə malikdir. Məsələn, o, proqram müxtəlifliyinə imkan verir. Belə ki, "MPEG-4" sıxışdırma və rəqəmsal kipləmə sayəsində tək analoq kanaldan 4 proqram yayımlana bilir.

"DVB-T"-nin köməyilə nəqliyyat vasitəsində, ofisdə və ya evdə rahatlıqla televiziya kanallarına baxmaq mümkündür. Bu texnologiya sayəsində mobil cihazlarda da televiziya kanallarına baxmaq olar. Bundan başqa, texnologiya eyni anda fərqli dillərdə yayım imkanı da yaradır.

Burada EPG (Elektronik Proqram Rəhbəri)-dən istifadə etmək imkanı da var. Belə ki, "DVB-T" yeni teletekst sistemi Elektronik Proqram Rəhbərinin köməyi ilə rəsm, videoklip və yüksək həcmli yazı yükləmə imkanı verir. Burada interaktiv televiziya və internet, elektronik yolla ticarət imkanı ilə yanaşı, "Pay Tv" və yaxud "Pay per view" kimi yayımları, ödənişli kanalları izləmək də mümkündür.

Qeyd edək ki, hazırda "DVB-T" dekoderlərin qiymətləri təxminən 37 manat nəzərdə tutulur. Eyni zamanda, dekoderlərin qiymətlərinin güzəştlərlə satılması üçün aparılan danışıqlar da davam etdirilir.


HƏQİQƏT





18/02/12    Çap et