Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda sosial şəbəkələrdə fikir azadlığına zəmanət verilir


Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycanda sosial şəbəkələrin məhdudlaşdırılacağı ilə bağlı mətbu orqanlarda yayılan informasiyalara münasibət bildirib.

Onun sözlərinə görə, ölkədə hakimiyyətin sosial şəbəkələrə və internetə münasibəti azad və açıqdır: "Hakimiyyət sosial şəbəkələrdə hər bir insanın azad və sərbəst şəkildə fikir azadlığına zəmanət verir və buna zəmin yaradır".

E.Aslanov qeyd edib ki, respublikada rasizmi, ksenofobiyanı yaymayan, ümumiyyətlə, qanuna zidd olmayan sosial şəbəkələr, internet səhifələri və s. tamamilə azaddır: "Sosial şəbəkələr hər bir insanın sərbəst ifadəsi üçün bir vasitədir.

Sosial şəbəkələrin məhdudlaşdırılması, onların fəaliyyətinin hər hansı formada nəzarətə götürülməsi ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Azərbaycanda bu məsələ gündəmdə deyil, sosial şəbəkələr daim azaddır və sərbəst şəkildə fəaliyyət göstərirlər".

PA rəsmisi ölkədə internet istifadəçilərinin sayının yüksək olduğunu da vurğulayıb: "Beynəlxalq agentliklərin hesablamalarına görə, Azərbaycanda internet istifadəçiləri əhalinin 60 faizini təşkil edir. Bu da istənilən reytinqə görə çox yüksək göstəricidir".





18/02/12    Çap et