Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılmasından 8 il ötür
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılmasından 8 il ötür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2004-cü il Sərəncamı ilə Rabitə Nazirliyi ləğv edilərək, onun əsasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb.
Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı ümummilli lider Heydər Əliyevin 2-ci dəfə respublikaya rəhbərliyi dövründə vüsət alıb.
Ulu öndərin 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd oldu.
Cənubi Qafqazda ilk olaraq qəbul edilmiş bu sənəd Azərbaycanın İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan etdi.
2003-cü il oktyabrın 15-də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin ilk xarici səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı oldu.
Sammitdə "Qara qızılı insan qızılına çevirək" tezisini səsləndirməklə cənab Prezident ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdi və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə başlanğıc verdi.
Hal-hazırda Azərbaycan dövləti prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, tərəqqi və çiçəklənmə dövrünü yaşayır. Bu inkişaf kontekstində bu gün Azərbaycanda gələcəyə istiqamətlənmiş, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir. Bu siyasətin tərkib hissəsi kimi, son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət alıb.
20/02/12 Çap et