Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya və rabitə xidmətləri müəssisələrinin göstərdikləri xidmətlərin həcmi artaraq 98,4 milyon manat təşkil edib


Dövlət Statistika Komitəsi 2012-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, məhsul istehsalı və xidmət sahələrində, habelə məhsula və idxala xalis vergilər nəzərə alınmaqla yanvar ayında 4,1 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal edilib və keçən ilin müvafiq dövrünün səviyyəsindən 1,2 faiz yüksək olub.

Əlavə dəyərin 68,0 faizi məhsul istehsalı sahələrində, 27,4 faizi xidmət sahələrində istehsal olunub, 4,6 faizi isə məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsul istehsalı 448,6 manat (570,5 ABŞ dollar) olub.


Əlavə dəyərin 42,9 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvarı ilə müqayisədə 5,9 faiz artıb, neft sektorunda isə 2,4 faiz azalıb.

2012-ci ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 3,1 milyard manatlıq, yaxud 2011-ci ilin müvafiq dövründə olduğu qədər sənaye məhsulu istehsal ediblər.

İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 77,9 faizi mədənçıxarma bölməsində, 15,8 faizi emal bölməsində, 5,8 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Sənayenin emal bölməsində məhsul istehsalı 7,9 faiz, bölmənin məhsullarından qida məhsulları istehsalı 8,5 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 57,2 faiz, poliqrafiya fəaliyyəti 47,0 faiz, rezin və plastmas məmulatları istehsalı 75,4 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 84,6 faiz, hazır metal məmulatları istehsalı 95,8 faiz, kompyuter və digər elektron avadanlıqları istehsalı 15,8 dəfə, maşın və avadanlıqların istehsalı 30,6 faiz,  nəqliyyat vasitələri istehsalı 21,3 faiz, mebel istehsalı 3,4 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 6,3 dəfə artıb.

İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 21,8 faiz artaraq 98,4 milyon manat təşkil edib.

SEYMUR




20/02/12    Çap et