Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti internet istifadəçilərini izləməkdə ittiham edilib
Proqram nəhəngi “Microsoft” korporasiyası “Google” şirkətini “İnternet Explorer” (İE) istifadəçilərini izləməkdə ittiham edib. Bu barədə şirkətin korporativ bloqunda qeyd edilib. Korporasiya qeyd edib ki, axtarış nəhəngi əvvəlcədən müəyyən edilmiş məxfilik sazlamalarına məhəl qoymur.
Keçən həftə Stenfords Universitetinin mütəxəssisləri “Google” internet şirkətinin “Safari” veb-səyyahının istifadəçilərini izlədiyini aşkar etmişdi. “Google” şirkəti cavab kimi bildirdi ki, “Safari” veb-səyyahının məxfilik sazlamalarında olan boşluq reklam kukilərini (cookie) yaratmağa imkan verib.
“Microsoft” korporasiyasının vitse-prezidenti Din Haçamoviçin sözlərinə görə, “Google” şirkəti “İE” istifadəçilərinin hərəkətlərini izləmək üçün də oxşar metodlardan istifadə edib.
“Safari” kimi “İE” veb-səyyahının konfiqurasiyası da başlanğıc ayar kimi kənar veb-səhifələr tərəfindən kuki yaradılması imkanını bloklayır. Lakin bir istisna hal mövcuddur.
Belə ki, əgər səhifə “P3P” (Platform for Privacy Preferences Project) protokolunu dəstəkləyirsə, bu o deməkdir, veb-səhifə istifadəçiləri izləmək üçün kukilərdən istifadə etməməyi öhdəsinə götürür. Əgər sayt öz üzərinə belə öhdəlik götürürsə, o zaman veb-səyyaha bu barədə kodlaşdırılmış formada mesaj yollayır.
“Microsoft” korporasiyası bildirib ki, “Google” şirkətinin veb-səyyaha göndərdiyi informasiya fraqmenti məxfilik sazlamalarına məhəl qoymur və kuki yaradır.“Google” şirkəti bu məsələ ilə bağlı hələ ki heç bir şərh verməyib.
EMİL
21/02/12 Çap et