Azərbaycanda ilk dəfə olaraq şagirdlər texnologiya üzrə innovativ üsullarla layihə hazırlayacaqlar
Azərbaycanda ilk dəfə olaraq, şagirdlər texnologiya, kompyuter mühəndisliyi, proqramlaşdırma, fizika, kimya, biologiya və s. sahələr üzrə innovativ üsullarla hazırladıqları layihələri əsasında müsabiqəyə qatılacaqlar.
“Sabahın alimləri” adlanan bu respublika müsabiqəsində hazırda Azərbaycan məktəblilərinin 77 layihəsi iştirak edir. Yalnız məktəblilərin iştirakı nəzərdə tutulmuş bu müsabiqə beynəlxalq səviyyədə keçirilən “İntel İSEF” (İSEF - İntel İnternational Science and Engineering Fair) müsabiqəsinin tərkib hissəsidir.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən qeyd edilib ki, “Sabahın alimləri” müsabiqəsi (
http://sabahinalimleri.edu.az) Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Mədəd” təşkilatı tərəfindən dəstəklənir: ”Azərbaycanda ilk dəfə keçirilən bu müsabiqədə öz gücünü sınamaq üçün məktəblilər 77 layihə təqdim ediblər.
Layihələrin qiymətləndirilməsi Elmi Ekspertiza Komitəsi tərəfindən keçiriləcək. Müsabiqə “riyaziyyat”, “fizika”, “astronomiya”, “kimya”, “biologiya”, “tibb, sağlamlıq, psixologiya”, “ekologiya”, “ətraf mühitin idarə olunması”, “mühəndislik”,”kompyuter elmləri” nominasiyaları üzrə keçirilir”.
Qeyd edək ki, “İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi ildə bir dəfə ABŞ-da keçirilən şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir. “İSEF” yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan dünyada ən iri müsabiqədir: ”İntel İSEF” müsabiqəsi 1950-ci ildən başlayaraq “Society for Science and the Public” (Elm və Xalq naminə Cəmiyyət) qeyri-kommersiya təşkilatının himayəsi altında keçirilir. “İntel İSEF” və digər təhsil proqramlarının köməyi ilə “İntel” korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır.
2011-ci ildə “İntel İSEF” müsabiqəsində 65 ölkədən 1500-dən çox finalçı şagird iştirak edib”.
Təhsil Nazirliyi və “İntel” korporasiyasına gəlincə, bu əməkdaşlıq “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində başlanıb.
HƏQİQƏT