Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağ Ev” “Anonymous” haker qruplaşmasından ehtiyat edir?!


“İCTnews” elektron xəbər xidməti “cybersecurity.ru” resursuna istinadən xəbər verir ki, ABŞ milli təhlükəsizlik agentliyinin direktorunun proqnozuna görə, əgər “Anonymous” haker hərəkatı hazırkı  templə “inkişaf” etməyə davam etsə, o zaman bu haker qruplaşması 1-2 ildən sonra Amerikanın çox əhəmiyyətli  infrastruktur obyektlərinə, məsələn, elektrik stansiyaları və ya yol hərəkəti idarəetmə sistemlərinə hücum edə biləcəklər.

Ordu generalı və ABŞ Milli təhlükəsizlik agentliyinin direktoru Kit Aleksandr “Ağ Ev”də keçirilmiş  görüş zamanı belə proqnozla çıxış edib. Onun sözlərinə görə, indiyə qədər “Anonymous” və digər haker qruplaşmalarının hücumları resursları nüfuzdan salma xarakteri daşıyıblar. Lakin gec-tez onlar daha aktiv və dağıdıcı fəaliyyətə keçəcəklər. Məsələn, bu yaxınlarda “SCADA” sistemlərinə edilmiş hücumlar artıq buna sübutdur.

Müstəqil mütəxəssislər bildirirlər ki, hələlik “Anonymous” haker qruplaşmasının gücü barəsində dəqiq mühakimə etmək çətindir. Lakin hücumların getdikcə daha dağıdıcı xarakter daşıması açıq-aydındır.

Əvvəllər ABŞ və Avropa hökuməti dövlət resurslarına haker hücumlarının həyata keçirilməsində tez-tez Çin dövlətini (bəzən Rusiya dövlətini) ittiham edirdilər. Hazırda belə ittihamların ictimai ritorikası bir az zəifləyib. Lakin aydındır ki, bu hücumlar nəticəsində yaxşı təcrübə toplanılıb və hakerlər bu təcrübədən istifadə edə bilərlər.

ABŞ Milli təhlükəsizlik agentliyinin direktoru bildirib ki, “Anonymous” kimi qruplar daha təhlükəlidir, çünki onların məqsədi və imkanları bilinmir, fəaliyyətləri kimlərsə tərəfindən tənzimlənmir. Onlar "kollektiv ağıl" prinsipi üzrə işləyirlər.
 
EMİL
 
 
 
 





22/02/12    Çap et