Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Masallı TKQ-nın yeni inzibati binası istifadəyə hazırdır


Ötən ilin fevral ayında Masallı Telekommunikasiya Qovşağında baş verən partlayış nəticəsində tamamilə yararsız vəziyyətə düşən inzibati binanın yenidən tikilməsi işləri başa çatıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Masallı TKQ-nın rəisi Azər Əliyev bildirib.

Onun sözlərinə görə, yüksək tələblər səviyyəsində yenidən tikilən inzibati binada bəzi kiçik tamamlanma işləri bitdikdən sonra istifadəyə tam hazırdır. Binada müasir tələblərə cavab verən NGN tipli stansiya qurulacaq. Bu məqsədlə tender keçirilib və yaxın vaxtlarda qalib şirkət tərəfindən avadanlıqların qurulmasına başlanılacaq.

NGN texnologiyalı ATS əhaliyə mükəmməl rabitə xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə imkanı verəcək.

 Azər Əliyev bildirib ki, ötən ilin fevral ayında inzibati binada baş verən partlayışa qədər Masallı TKQ üzrə cəmi 16 port internet istifadəçisi olduğu halda indi bunların sayı 500-ə yaxındır. O, daha sonra əlavə etdi ki, hazırda Masallı rayonu üzrə bütün kənd ATS-lərinin mərkəzə bağlantısının optik kabellərlə həyata keçirilməsi layihəsi başa çatmaq üzrədir.”Bu, böyük bir layihədir.

Hazırda Xıl, Qodma, Oncəqala və Təzəkənd kəndlərinə optik kabellər çəkilir. Rayonda Ərkivan, Boradigah, Qızılavar, Mahmudavar, Bədəlan, Kolata kənd ATS-lərində ADSL portları var və vətəndaşlar bu xidmətlərdən geniş şəkildə istifadə edirlər. Bu gün Qəriblər, gələn həftə Şərəfə və Binə Xocavar kəndlərində ADSL portları qurulacaq”- deyə Əliyev qeyd edib.






22/02/12    Çap et