Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DTXK rəqəmsal xəritələr hazırlayıb


Bakı şəhərində nəqliyyatın intellektual idarəolunması layihəsi üzrə şəhərin 2200 km2 ərazisində nəqliyyatın intellektual idarə olunması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanıb.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə,  bu barədə komitə sədri Qərib Məmmədov 2011-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, bu xəritələrdə 57 növdə 3d formatında məlumatlar həm mətn və həm də qrafiki formada hazırlanıb, aidiyyəti üzrə təhvil verilib. Bu işin əsas sifarişçisi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir və işin Koreyanın “SKCS” şirkəti tərəfindən yerinə yetirilməsi tapşırılıb.

İşin əsas hissəsi olan rəqəmsal xəritələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanıb. Bu xəritələr əsasında Bakı şəhərinin ərazisində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqaməti, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır və eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir.






22/02/12    Çap et