Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ailə TV” kabel televiziyası ödəniş kartı tətbiq etməyə başlayıb


“Ailə TV” kabel televiziyası operatoru xidmət haqlarının ödənilməsini rahatlaşdırmaq məqsədi ilə “ödəmə kartı” tətbiq etməyə başlamışdır. Kartlar artıq satışa çıxarılıb.

“Ailə TV”-dən  verilən məlumata görə, ödəmə kartları vasitəsilə həm analoq, həm də rəqəmsal yayım üçün ödənişləri həyata keçirmək mümkündür. Ödəmə kartlarının qiymətləri “Ailə TV”-nin təklif etdiyi televiziya yayımı paketlərinin qiymətinə uyğundur.

Kartların qiyməti 9 manatdan başlayır, 11, 12, 13, 14 və 17 manatadək dəyişir. Əgər abonent “İdman” paketini və ya digər paketi aktivləşdirmək istəyirsə, buna müvafiq olaraq ödəmə kartı ala bilər. Ödəmə kartının seriya nömrələri bazaya qeyd olunduqdan sonra, abonent idman telekanallarına baxa bilər.

Abonent “Ailə TV” xidmətinin aktivləşməsi üçün Nizami, Nərimanov, Xətai və Suraxanı rayonlarının ərazisindəki mağazalardan ödəmə kartı ala bilər. Ödəmə kartını əldə etdikdən sonra, abonent 24 saat ərzində “Ailə TV”-nin müştəri xidmətlərinə zəng edərək kartın seriya nömrəsini və boyanın altındakı kodu söyləyə və xidməti aktivləşdirə bilər. Müştəri xidmətlərinin operatoru kartın kodunu bazaya daxil etdikdən sonra bir sutka ərzində xidmət aktivləşəcəkdir. 

“Ailə TV” hazırda Yasamal, Nəsimi, Nizami, Xətai, Nərimanov və Suraxanı rayonlarında, 1-9-cu mikrorayonlarda, Hövsan qəsəbəsində və Gəncə şəhərində sakinlərə yüksək keyfiyyətli kabel televiziyası yayımı xidmətlərini göstərir. Bundan əlavə, “Ailə TV” şəbəkəsinin digər qolu olan Ailə NET internet provayderi Bakı və Gəncə şəhərlərində vətəndaşlara genişzolaqlı fiber-optik İnternet xidmətləri də təklif edir.
                                             





23/02/12    Çap et