Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Korporativ elektron poçt xidmətindən istifadə edən müəllimlərin sayı 2 minə çatıb


Azərbaycan müəllimləri üçün korporativ elektron poçt xidmətində qeydiyyatdan keçmiş müəllimlərin sayı 2 min nəfərə çatıb. "ad.soyad@teacher.edu.az" elektron poçtu ilə müəllimlər Təhsil Nazirliyi, "Microsoft Azərbaycan" şirkətinin və "Mədəd Azərbaycan" təşkilatının birgə fəaliyyəti sayəsində "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təchiz olunublar. 

"İCTnews" elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, "Microsoft-Azərbaycan" şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəllimlərin poçt ünvanları "teacher.edu.az" domeni adı altında açılıb. Elektron poçt ünvanları "Microsoft Live@Edu" texnoloji platformasının bazasında işləyir.

"@teacher.edu.az" bir sıra üstünlüklərə malikdir. Belə ki, buraya 10 Giqabaytlıq təhlükəsiz poçt qutuları, müəllimlər şəbəkəsində məlumat mübadiləsi, ani yazışma sistemi, çevik axtarış sistemi, fərdi iş planlaşdırılması alətləri, şəbəkə qruplarının yaranması (maraqlara və ixtisaslara uyğun), böyük həcmli faylları internetdə saxlamaq üçün 25 Giqabaytlıq veb-məkan daxildir.

"Microsoft-Azərbaycan" şirkətinin Təhsildə Əməkdaşlıq Proqramının meneceri Emin Axundovun sözlərinə görə, "ad.soyad@teacher.edu.az" elektron poçtu ilə Dövlət Proqramı çərçivəsində təlimlərdən keçmiş, həmçinin "Elektron məktəb" layihəsinə qoşulmuş pilot məktəblərin müəllimlərinə təqdim edilir.

E.Axundov bildirib ki, bu təşəbbüsün əsas məqsədi müəllimlər arasında internet vasitəsilə münasibətlərin dərinləşməsi və peşəkar informasiya mübadiləsinin yeni mərhələyə çatdırılmasıdır: "Bununla bərabər, təhsil işçilərinin rəsmi e-poçt ünvanları ilə təchizatı təhsil sistemində elektron idarəetmənin və sənəd dövriyyəsinin tətbiqinə zəmin yaradan amillərdən biridir".
 
HƏQİQƏT





23/02/12    Çap et