Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yer kürəsi əhalisinin yarıdan çoxu mobil rabitədən istifadə edir
“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki , “Ericsson” şirkətinin hesabatına əsasən, hazırda dünyada mobil rabitədən təxminən 6 milyard abunəçi istifadə edir.
Lakin çoxları bir neçə operator xidmətlərindən istifadə edir və buna görə abunəçilərin faktiki sayı 4,1 milyard təşkil edir. Beləliklə, Yer kürəsi əhalisinin 60 faizi mobil rabitədən istifadə edir.
2011-ci ilin dördüncü rübündə qeydiyyatda olmuş 180 milyon mobil rabitə istifadəçisinin 35%-i Hindistan və Çin dövlətlərinin payına düşür. Yeni abunəçilərin sayına görə sonrakı yerlərdə Braziliya, İndoneziya və Banqladeş dövlətləri yerləşiblər. Mobil rabitə istifadəçilərinin sayı 1 il ərzində orta hesabla 13% və rüb ərzində təxminən 3% artır. Təxminən 75% abunəçi “GSM”-dən istifadə edir, 15% istifadəçi üçün isə “3G” standartı əlçatandır.
Keçən il satılmış bütün mobil telefonların təxminən 30%-i smartfon olub. 2010-cu ildə bu göstərici 20% təşkil edib. Həmçinin, mobil trafik artmağa davam edir. 2010-cu ilin üçüncü rübündən 2011-ci ilin üçüncü rübünə kimi dövrdə verilənlərin ötürülmə tutumu 2 dəfə artıb.
Son 4 il ərzində mobil səs trafiki ikiqat artıb və artmağa davam edir. Bu göstərici yeni abunəçi sayının əhəmiyyətli artımı müşahidə olunan regionlarda aktualdır.
EMİL
23/02/12 Çap et