Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“www.baku3d.az” saytı “GoMap”-a inteqrasiya edib
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "www.baku3d.az" saytı "GoMap" elektron xəritəsinə inteqrasiya edib.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bundan sonra internet istifadəçiləri "www.baku3d.az" saytına daxil olmaqla "GoogleMap" xəritəsi ilə yanaşı, milli resurs olan "GoMap" xəritəsi üzərində də Azərbaycanda, o cümlədən paytaxt Bakıda olan park, muzey, məscid, tarixi abidə, restoran, otel, gözəllik salonları, avtosalon, xəstəxana, ticarət və əyləncə mərkəzlərini "3D" formatda virtual turlarını izləyə biləcəklər.
Bu layihə həmçinin "GoogleMap"-ın tez-tez Azərbaycan torpaqlarını erməni adları ilə yazaraq ədalətsizliyə yol verməsi zərurətindən yaranıb. Azərbaycanda fəaliyyət göstərən bütün saytların milli maraqlarımızı nəzərə alaraq "GoMap" xəritəsindən istifadə etməsi məqsədəuyğundur.
"GoMap" layihəsi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə SİNAM şirkəti tərəfindən həyata keçirilib. "GoMap.az" Azərbaycanın ən ətraflı elektron xəritəsidir. Üç dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərən elektron xəritə, istənilən bir tikili miqyasına qədər böyüdülə bilər.
Burada həmçinin üzərində seçilmiş obyektlər olan tam elektron xəritəyə keçid kodu (URL) da almaq mümkündür. GPS, axtarış sistemi və s. müasir İT xidmətlərlə zəngin olan layihə Azərbaycanın milli resursudur.
Hazırda "www.baku3d.az" saytı Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edərək, nazirliyin balansında olan və Bakıda yerləşən teatr, kinoteatr, muzey, kitabxana, klub, dövlət rəsm qalereyaları və parkların çəkilişlərini həyata keçirir. Çəkilmiş virtual turlar yaxın vaxtlarda internet istifadəçilərinin istifadəsinə veriləcək.
CAHANGİR
23/02/12 Çap et