Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncə və Şəkinin tam daşınmaz əmlakının rəqəmsal kadastr xəritələri hazırlanacaq


Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına ölkə ərazisinin daşınmaz əmlakın kadastrı məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin hazırlanması işinə başlanılıb. İlkin mərhələdə ayrılmış maliyyə vəsaitinə uyğun olaraq, Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi məqsədilə tender elan olunub və tenderin qalibi ilə müqavilə imzalanıb. Artıq işlərin icrasına başlanılıb.

Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən Gəncə şəhərində və Şəki rayonunda "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" pilot layihəsi də həyata keçirilib.

Layihə Azərbaycanla Almaniya Federativ Respublikası arasında "Maliyyə Əməkdaşlığı haqqında" sazişə əsasən reallaşdırılır. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə ƏMDK-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib. Q.Xəlilov bildirib ki, pilot layihənin nəticələrinə əsasən, Almaniya tərəfindən ayrılması nəzərdə tutulan kredit və qrant vəsaitləri hesabına qarşıdakı ildə Gəncə və Şəkinin tam daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin hazırlanmasına başlanılacaq.

Layihənin məqsədi özəlləşdirilmiş daşınmaz əmlak obyektləri və torpaq sahələrindən daha səmərəli istifadə edilməsi ilə bağlı mükəmməl rəqəmsal kadastr xəritələrinin yaradılması və nəzərdə tutulmuş daşınmaz əmlak obyektlərinin, o cümlədən pay torpaqlarının şəffaf qeydiyyatının aparılmasının təşkilidir.

"Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin birinci mərhələsi çərçivəsində Gəncə şəhərində və Şəki rayonunda layihənin icrası istiqamətində pilot ərazilər müəyyənləşdirilib, seçilmiş ərazilərdə sistematik kadastr ölçmə işləri aparılıb: "Sözügedən ərazilərdə yerləşən mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlakın, o cümlədən bu ərazilərin kadastrı formalaşdırılıb və daşınmaz əmlakın mükəmməl rəqəmsal kadastr xəritələri yaradılıb. Layihənin birinci fazası artıq başa çatıb".
 
 
 
HƏQİQƏT





24/02/12    Çap et