Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dəmir yolu nəqliyyatında nağdsız ödənişi həyata keçirmək üçün hazırlıq işləri başa çatıb


Sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişindaşımaları Departamenti bir sıra tədbirlər həyata keçirir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, nağdsız ödənişi həyata keçirmək üçün hazırlıq işləri başa çatıb, bilet kassalarında pos-terminallar quraşdırılıb, bilet kassirlərinin texnoloji prosesi mənimsəməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Bu il martın 1-dən Bakı sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nağdsız ödənişi tətbiq ediləcək.

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamenti və “Azərikard” MMC-nin mütəxəssisləri Bakı sərnişin stansiyasında bilet kassirləri ilə yekun təlimlər keçirib. Bütün bunlar sərnişinlərə göstərilən mədəni xidmətin səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.





29/02/12    Çap et