Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet məkanında uşaqların müdafiə edilməsi üçün nəzərdə tutulmuş təhlükəsizlik proqramı təqdim edilib


 "World Mobile Congress 2012" çərçivəsində "Kasperski Laboratoriyası"  internet məkanında uşaqların müdafiə edilməsi üçün nəzərdə tutulmuş "Kaspersky Parental Control" proqramının beta versiyasını təqdim edib.

Yeni həll "Android" platformalı smartfonlar və planşet kompyuterlər üçün nəzərdə tutulub və "Android Market"də pulsuz yüklənilə bilir.
Bu cür proqramlardan istifadə edilməsi uşaqların şəbəkədə olan hər cür mənfi amillərdən müdafiə olunması istiqamətində atılmış mühüm bir addımdır.

İnternetə hansı qurğu vasitəsilə daxil olmasından asılı olmayaraq, hər bir uşaq eyni risklərlə qarşılaşır. Təhlükələrin monitorinqi ilə əlaqədar olan "Kaspersky Security Network" sistemi vasitəsi ilə əldə edilmiş məlumatlara görə, valideyn nəzarəti funksiyasından istifadə edən ukraynalı istifadəçilərdə sutka ərzində təhlükəli məzmuna malik olan saytlara 150 mindən artıq keçidin qarşısı alınır.

"Kaspersky Parental Control" proqramı standart "Android" brauzeri ilə işləməklə yanaşı, məzmun filtrasiyasının işləməmə ehtimalı olan başqa brauzerlərdən istifadəyə qadağa da qoya bilir.

Proqramda arzuolunmaz məzmuna (məsələn, pornoqrafiya, qumar oyunları, qeyri-qanuni proqram təminatları, zorakılıq, narkotik maddələr və s.) malik olan saytlara daxil olmanın qarşısını almaq üçün veb-filtr və yüklənilmiş proqramlardan istifadəyə məhdudiyyət qoymaq – uşağın istifadə etməsinə icazə verilən və ya istifadəsi qadağan edilən proqramları seçmək imkanı mövcuddur.
 
CAHANGİR





09/03/12    Çap et