Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əli Abbasov: “Connect” Ərəb Sammiti regionun iqtisadi inkişafına bir töhfədir”


Xəbər verdiyimiz kimi Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Connect 2012" ərəb sammitində iştirak etmək üçün Qatarın paytaxtı Dohada rəsmi səfərdə olub. Sammit çərçivəsində bir sıra mühüm görüşlər keçirən nazir "Qatar Nyus" Agentliyinə də müsahibə verib.
 
 Söhbət zamanı nazir Əli Abbasov "Connect" Ərəb Sammiti 2012"-də Qatarın Emiri, Şeyx Həmin bin Xəlifə Al Thaninin iştirakını İKT sektoruna  göstərilən diqqətin təzahürü  kimi qiymətləndirib.
 
 Nazirin fikrincə, bu görüş həm də Ərəb Dünyasının informasiya texnologiyalarının inkişafına yatırılan investisiyaların həcminin artırılmasına zəmin yaradır. 

Azəbaycanla Qatar arasındakı ikitərəfli münasibətlərə gəlincə, Ə.Abbasov bu əlaqələrin günbəgün inkişaf etməkdə olduğunu vurğulayıb: "Əməkdaşlıq əlaqələri son bir neçə ildə daha da inkişaf etmiş və turizm sahəsinə də nüfuz etmişdir."Qatar Airways" şirkəti tərəfindən  Dohadan Bakı şəhərinə birbaşa marşrutun açılmasını xüsusi qeyd etmək istəyirəm". 
 
 Cənab Əli Abbasov iki tərəfli münasibətlərdən danışaraq, həmçinin hökumətlərin İKT sahəsində yeni müqavilə üzərində işlədiyini vurğulayıb.
 
 Nazir müsahibəsində ölkəmizin "Connect" sammitində iştirakına da toxunub. Onun sözlərinə görə, Azərbaycanın sammitdə  iştirakında məqsəd bu sektora daha çox investisiya cəlb etmək, xüsusilə xarici sərmayənin cəlb olunması üzrə qazandığı təcrübəni Ərəb ölkələri ilə bölüşməkdən ibarətdir.
 
 Azərbaycanda həyata keçirilən nəhəng layihələrdən də danışan nazir hazırda respublikada "Ərəb İKT Magistralı"nın analoqu olan beynəlxalq İKT layihəsini reallaşdırılması istiqamətində işlərin görüldüyünü  vurğulayıb.

Ə.Abbasovun sözlərinə görə, "Trans -Avrasiya Super İnformasiya Magistralı" (TASİM) adlanan bu layihə 2009-cu ilin 21 dekabr tarixində BMT-nin Baş Assambleyasında beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmişdi. Layihənin məqsədi Qərb (Birləşmiş Ştatlar və Avropa) və Asiya Sakit Okeanı regionu arasında informasiya boşluğunun aradan qaldırmaqdır: "Bu layihə regionda yeni şəbəkələrin yaradılması vasitəsilə mümkün olacaq,  qeyri-qərb istifadəçiləri üçün daha çox internet trafikini təmin edəcək, eləcə də daha çox milli kontentin hazırlanmasına imkan verəcək.

Körfəz ölkələri də Qərb və Asiya Sakit Okeanı arasında yerləşdikləri üçün adı çəkilən layihədə iştirak edə biləcəklər. Bundan başqa, Almaniyadan Oman Sultanlığına qədər informasiya magistralının yaradılması üçün yeni İKT layihəsi də nəzərdə tutulur. Bu layihənin məqsədi xüsusilə Asiya ilə Avropa arasında rəqəmsal boşluğun aradan qaldırılması, eləcə də həmin regiondan daha çox kontentin təmin edilməsi olacaq".
 
 Müsahibəsində Azərbaycanda beş il əvvəl "Elektron-hökumət" xidmətlərinin qurulmasına başlandığından da söz açan nazir Ərəb ölkələrini də bu təcrübədən bəhrələnməsini labüd sayıb. Onun sözlərinə görə "Elektron hökumət" şəffaflığa, hökumətin məhsuldarlığının artmasına, kiçik və orta sahibkarlar üçün yeni imkanlara, həmçinin korrupsiyanın azalmasına şərait yaradır.
 
 Ə.Abbasov Azərbaycanın bundan sonra da İKT sektorunun ölkədə inkişafının əsas prioritet sahəsi olaraq qalacağını da vurğulayıb: "2012-ci ilin sonunda yeni peykin buraxılması, 2020-ci ilə kimi ali texniki təhsilin keyfiyyətinin kəskin artırılması və bu kimi  layihələrin reallaşması nəzərdə tutulub. Yeni layihələr Azərbaycan Prezidenti İlham Əliyevin "kosmosda, quruda və suda inkişafa nail olmaq"la bağlı irəli sürdüyü fəlsəfənin bir hissəsidir."





13/03/12    Çap et