Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Lisenziyalar üçün elektron informasiya portalı yaradılıb


Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalı yaradılıb. Belə ki, sözügedən portalın yaradılması respublika prezidentinin 26 oktyabr 2011-ci il tarixli “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinə (İİN) tapşırılmışdı. Martın 15-də İİN-in təşkilatçılığı ilə “www.icazeler.gov.az” internet səhifəsinin təqdimatı keçirilib.

“İCTnews” elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkədə sahibkarlığın inkişaf etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb: ”Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritetlərindəndir.

İndiyədək bu istiqamətdə biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişafı, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişaf etdirilməsi kimi kompleks tədbirlər həyata keçirilib.

Hazırda Azərbaycanda sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması “bir pəncərə” prinsipinə uyğun olaraq aparılır, bu sahədə elektron xidmətlərin tətbiqi genişləndirilir”.

Nazir müavini bildirib ki, həyata keçirilmiş tədbirlər nəticəsində özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ümumdaxili məhsul (ÜDM) istehsalında xüsusi çəkisi artıb: ”Bu gün ÜDM istehsalının 80 faizdən çoxu özəl sektorun payına düşür. Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99 faiz arasında dəyişir.

Hazırda məşğulluğun 73 faizdən çoxu özəl sektor tərəfindən təmin olunur, ümumi vergi daxilolmalarında qeyri-dövlət sektorunun payı 72,9 faizə bərabərdir. “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” fərman sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan növbəti addım olmaqla, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha bir təzahürüdür.

Bu fərmana əsasən yaradılmış “www.icazeler.gov.az” saytı informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini və bu sahədə şəffaflığın daha da artırılmasını təmin edəcək”.

Bundan başqa, sayt sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə və fəaliyyətini genişləndirərək yeni sahələrdə çalışmaq istəyən sahibkarlara həmin fəaliyyətin növündən asılı olaraq tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, həmin icazələrin verilmə və qüvvədə olma müddətləri, bu icazələri verən dövlət orqanları barədə məlumatları vahid mənbədən əldə etmək imkanı yaradır.

Portala dövlət təşkilatları tərəfindən verilən icazələr barədə məlumatlar daxil edilib. 7 bölmədən ibarət olan saytda icazələrin söz, qurum və sənədin növü üzrə axtarış sistemi yaradılıb ki, bu da sorğulanan məlumatın çevik və asan tapılmasına imkan verəcək.

Portalda “Sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri” xidmət bölməsi yaradılıb. Bu bölmədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sahibkarlıq sahəsinə aid hazırladığı qanunvericilik aktlarının layihələri yerləşdiriləcək və göstərilən layihələrin mətninin portalda bir ay müddətində saxlanılması təmin ediləcək.

Bu bölmə sahibkarlara onların məlumatlılıq səviyyəsinin yüksəldilməsilə yanaşı, qanunvericilik aktlarının hazırlanmasında onların birbaşa iştirakını mümkün edəcək. Bundan başqa, sayt sahibkarlıq sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması prosesinin daha da şəffaf aparılmasına imkan yaradacaq.
 
HƏQİQƏT
 
 





15/03/12    Çap et